Ustad Aşıq Mikayıl Azaflı haqqında film hazırlanıb

 

Yanvar ayının 30-da Rəşid Behbudov adına Mahnı Teatrında Aşıq Mikayıl Azaflıya həsr olunmuş “Qoca qartalın əbədi uçuşu” adlı sənədli filmin təqdimat mərasimi keçiriləcək. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-nin Bədii və sənədli filmlər studiyasının istehsalı olan filmdə Mikayıl Azaflının keçdiyi mürəkkəb həyat yolu, Azərbaycan aşıq sənətinin inkişafında, coğrafi hüdudlarının genişlənməsində oynadığı əvəzsiz rolu işıqlandırılıb.

Filmin ssenari müəllifi Məti Osmanoğlu, quruluşçu rejissoru Elnurə Kazımova, redaktoru Sadıq Elcanlıdır. Məti Osmanoğlu Edebiyyatqazeti.az-a  filmlə bağlı fikirlərini bölüşüb.

“Dövlət televiziyasından 20 ilə yaxın idi ayrılmışdım. Görkəmli rejissor, Xalq artisti Ramiz Həsənoğlu AzTV-nin Bədii və sənədli filmlər studiyasına rəhbər təyin ediləndən sonra televiziyaya dəvət olunmağım, sözün düzü, özüm üçün də gözlənilməz oldu. Əvvəlcə unudulmaz şairimiz Nüsrət Kəsəmənli haqqında sənədli filmin ssenarisini yazmaq mənə həvalə edildi. Həmin filmi rejissor Murad Quliyevlə hazırladıq və oktyabr ayında təhvil verdik.

İkinci işimiz isə Mikayıl Azaflı haqqında filmdir. Hər iki film portret janrındadır.

Portret janrı ilk baxışda sadə görünsə də, onun öz çətinlikləri və məhdudiyyətləri var. Ən böyük məhdudiyyət də budur ki, süjetin sxemi əvvəlcədən bəllidir.

Bu məhdudiyyəti aradan qaldırmaq üçün istedadlı və işgüzar rejissor Elnurə Kazımova ilə filmin konsepsiyasını, ana ideyasını müəyyənləşdirməyə çalışdıq: bu filmdə biz tamaşaçıların yaxşı tanıdığı bir şəxsiyyət barədə nə deyəcəyik, auditoriyaya hansı fikri çatdıracağıq?

Məsələ bundadır ki, Mikayıl Azaflı hələ sağlığında xalqın təsəvvüründə əfsanələşmiş şəxsiyyətlərdəndir. O, folklorlaşıb, xalq onun obrazını yaradıb.

Bizim qarşımızda iki yoldan birini seçmək dururdu: ya xalqın yaratdığı mifi dekonstruksiya etmək, “söküb yenidən yığmaq”, ya da mövcud əfsanənin obrazını “televiziya dilində” bərpa etmək. Tamaşaçının təsəvvüründəki obrazı kino estetikasının tələbləri əsasında görüntülərə çevirib əyaniləşdirmək.

Biz ikinci yola üstünlük verdik və mənə elə gəlir ki, bu yanaşma özünü doğrultdu. Mikayıl Azaflının portreti əsasında Azərbaycan aşıq sənətinin keçdiyi enişli-yoxuşlu, bəzən də “ildırımlı” yolu, bu sənətin ölməz gələcəyini canlandırmağa çalışdıq. Təbii ki, buna nə dərəcədə nail olduğumuzun qiymətini tamaşaçı verəcək.  

Mikayıl Azaflının şəxsiyyəti bir də ona görə qiymətlidir ki, hələ Sovet imperiyası dövründə dissident hərəkatı deyilən təmayülü təmsil edirdi. Ruslarda bu işdə bardlar, ifaçı müəlliflər öndə olduğu kimi, Azərbaycanda da Mikayıl Azaflı öndə idi. Özü də həmin dövrdə Azərbaycanda asıq sənətinin ideologiyaya ifrat dərəcədə yamaq edildiyini nəzərə alsaq, Mikayıl Azaflı şəxsiyyətinin miqyası daha aydın görünər...

Bu keyfiyyətinə görə Mikayıl Azaflı sənəti hələ Sovet dövründə “dəmir pərdələri” aralayır, sərhədləri aşıb, Türkiyəyə, İrana. İraqa çatırdı. Dünyanın hər yanında soydaşlarımız onu yaxşı tanıyır və sevirdilər. Filmdə bu amilə də ayrıca yer verilib”.

Qeyd edək ki, filmin çəkilişləri əsasən Tovuz rayonunda, Əsrik çayının sahillərində, Mikayıl Azaflının qaçaq olduğu Şiş qaya deyilən dağda, aşığın ana yurdu Tovuz rayonunun Azaflı kəndində, eləcə də Cirdək, Qaralar, Əlimərdanlı və digər kəndlərdə aparılıb. Filmdə Dövlət Televiziyasının arxiv materiallarından, eləcə də böyük sənətkarın ailəsinin saxladığı yadigarlardan istifadə olunub. 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!