“Şəhərin qış gecələri” tamaşasının premyerası olub

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 20 Yanvar faciəsinin 30-cu ildönümü ərəfəsində “Şəhərin qış gecələri” adlı yeni tamaşa nümayiş etdirilib.

Xalq yazıçısı Anarın eyniadlı pyesi əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, quruluşçu rəssamı isə Arif Əbdürrəhmanovdur.

Tamaşanın nümayişindən əvvəl rejissor Bəhram Osmanov 30 il öncə xalqımızın yaşadığı böyük faciənin teatr səhnəsində anılmasının mühüm əhəmiyyət daşıdığını qeyd edərək deyib: “Son aylarda var qüvvəmizlə çalışıb “Şəhərin qış gecələri” tamaşasını hazırladıq. 20 yanvar hadisələrindən otuz il keçsə də, bu dəhşətli faciə unudulmayıb və tarixdə silinməz izlər qoyub. Böyük yazıçımız Anar məhz 30 ildən sonra bu mövzuya müraciət edib. Görünür, burada bir məntiq var. Bilirsiniz ki, hələ ötən əsrin 80-ci illərində Anarın “Şəhərin yay günləri” əsəri çox məşhur idi. Tamaşaya mərhum rejissor Tofiq Kazımov quruluş vermişdi. Bu dəfə isə həmin qəhrəmanlar soyuq bir yanvar axşamında bu faciəni yaşayırlar. Bütöv millətin faciəsini bir ailənin timsalında göstərilən əsəri bədii şərtiliklə və müasir vizual vasitələrdən istifadə edərək səhnələşdirməyə çalışmışıq. Ümid edirəm ki, bu tamaşa yeni nəslin həqiqətlərimizi, tariximizi doğru-dürüst öyrənməsi baxımından faydalı olacaq”.

Səhnə əsərində Əməkdar artistlər Elşən Rüstəmov, Kəmalə Hüseynova, Elşən Çarhanlı, Şövqü Hüseynov, İlham Əsədov, aktyorlar Bəhram Həsənov, Vahid Orucoğlu, Vüqar Məmmədəliyev, Ramil Məmmədov, Manaf Dadaşov, Ədalət Əbdülsəməd, Rövşən Abbasov, Kərəm Hadızadə və Ramiq Nəsirov rol alıblar.