Ədəbiyyat İnstitutunda “Nəsimi ili”nin yekunlarına həsr olunmuş elmi sessiya keçirilib

 

Edebiyyatqazeti.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda AMEA-nın Humanitar Elmlər Bölməsinin təşkilatçılığı ilə “Nəsimi ili”nin yekunlarına həsr olunmuş elmi sessiya keçirilib. Sessiyadan öncə Nəsimiyə həsr olunmuş nəşrlərdən ibarət sərgiyə baxış olub.

Tədbiri giriş sözü ilə AMEA-nın I vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq elmi sessiyanın Azərbaycan Respublikası Prezidentinin “Nəsimi ili” haqqında Sərəncamına uyğun olaraq keçirildiyini bildirib. Akademik İsa Həbibbəyli “Azərbaycan Milli Elmlər Akademiyasında “Nəsimi ili”nin elmi töhfələri” mövzusunda məruzə edərək il ərzində həm ölkəmizdə, həm də akademiyada bu istiqamətdə görülmüş işlər haqqında ətraflı məlumat verib.

Görülən işlərə misal olaraq Prezident İlham Əliyevin təşəbbüsü ilə Moskvada Nəsimiyə büst və heykəl ucaldılmasını, Heydər Əliyev Fondu tərəfindən keçirilən Nəsimi-şeir, incəsənət və mənəviyyat festivallarını, AMEA-nın reallaşdırdığı “Eyni Nəsimi, cahanı tutdu sözün” adlı konfransı və digərlərini sadalayıb.

Birinci vitse-prezident İsa Həbibbəyli “Nəsimi ili” çərçivəsində Humanitar Elmlər Bölməsinə daxil olan elmi müəssisə və təşkilatlarda silsilə konfransların, elmi sessiyaların keçirildiyini, mətbuatda Nəsimi yaradıcılığının təbliğ edildiyini bildirib. Əlavə edib ki, aparılan tədqiqatlar nəticəsində AMEA-nın Ədəbiyyat İnstitutunda 13, Ədəbiyyat Muzeyində 2, Fəlsəfə İnstitutunda 3, Şərqşünaslıq İnstitutunda 2, Dilçilik İnstitutunda 5, Əlyazmalar İnstitutunda 7 kitab çap olunub.

Ümililikdə, 2019-cu il ərzində böyük şairə AMEA əməkdaşları tərəfindən 36 kitab, 13 monoqrafiya həsr olunduğunu, əsərlərinin 18 dilə tərcümə edildiyini diqqətə çatdırıb. Akademiya ilə TÜRKSOY təşkilatının birlikdə Nəsiminin əsərlərini 14 dilə çevrilib nəşr edildiyini xatırladıb. Hətta 200-ə yaxın şeirinin aşkar edilərək yenidən çap olunduğunu deyib.

Sessiyada Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu elmi məruzələrlə çıxış ediblər.

Ədəbiyyat İnstitutunun alimlərindən Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Fəridə Əzizova, Erkən yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Mahirə Quliyeva da mövzu ilə bağlı çıxış ediblər. Bunlardan başqa professor Sevil Mehdiyeva, dosent Xatirə Quliyeva, filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyeva da mövzu ilə bağlı fikir mübadiləsinə qoşulublar.

Sonda il ərzində AMEA-da Nəsimi ilə bağlı nəşr olunan kitabların müəlliflərinə Fəxri fərman və təşəkkürnamələr təqdim edilib.