Nəsiminin həyat və yaradıcılığına müasir baxışı əks etdirən monoqrafiya

 

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlinin “Çağdaşımız Nəsimi” monoqrafiyası çapdan çıxıb.

İnstitutdan bildirilib ki, monoqrafiyada dahi Azərbaycan şairinin ölməz yaradıcılığının çağdaş əhəmiyyətinə, xalqımız və ümumilikdə bəşəriyyətimiz üçün aktuallığına nəzər salınır, əsas diqqət Nəsimi humanizminin və poetikasının araşdırılmasına yönəldilir. Faciəli taleyi ilə yüzillər boyu dillərdə dastan olmuş şairin ölməz poetik irsinin müasir dövrümüz üçün daşıdığı əhəmiyyət klassikin müasirliyi prizmasından diqqətə çatdırılır. Nəşrdə İmadəddin Nəsiminin həyat və yaradıcılığının Azərbaycanda yenidən daha əhatəli şəkildə öyrənilməsinə, ədibin irsinin nəşri və təbliğinin möhkəm özülünü ucaltmış ümummilli lider Heydər Əliyevin bu sahədəki müstəsna fəaliyyətinin qiymətləndirilməsinə xüsusi bölmə ayrılıb.

Kitaba, həmçinin ulu öndər Heydər Əliyevin 1972-1973-cü illərdə imzaladığı “İmadəddin Nəsiminin 600 illik yubileyinin təşkili və qeyd olunmasına dair Tədbirlər Planı haqqında” Azərbaycan KP MK-nın bürosunun Qərarının və “İmadəddin Nəsiminin 600 illik yubileyinin qeyd edilməsinə dair əlavə Tədbirlər Planı”nın surətləri əlavə edilərək ilk dəfə geniş ictimaiyyətə təqdim olunur.

Mütəxəssislərlə yanaşı, orta əsrlər Azərbaycan ədəbiyyatı ilə maraqlanan geniş oxucu kütləsi üçün də faydalı olacaq bu monoqrafiyanın elmi redaktoru AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli, “Ön söz”ünün müəllifi isə tarix üzrə fəlsəfə doktoru, dosent Cavid Cəfərovdur.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!