Türkiyədə nəşr edilən “Təmrin” dərgisinin növbəti xüsusi nömrəsi Bəxtiyar Vahabzadəyə həsr edilib

 

Türkiyədə nəşr edilən nüfuzlu “Təmrin” dərgisinin 2020-ci il ilk nömrəsi Azərbaycan ədəbiyyatının, eləcə də bütün türkdilli poeziyanın ustadlarından olan, Xalq şairi Bəxtiyar Vahabzadəyə həsr edilib.

Dərginin baş yazarı Hasan Parlakın “baş redaktor”dan giriş yazısı ilə açılan jurnalda daha sonra Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayevin türkiyəli oxucunu “salamlama mətni” yer alıb. Sonra isə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın (“Bəxtiyarlıq”) , Millət vəkili Cavanşir Feyziyevin (“Türk dünyasının sönməyən ulduzu”) , akademik Nizami Cəfərovun (“Millet şairi Bəxtiyar Vahabzadə”), akademik İsa Həbibbəylinin (“Milli istiqlal şairi Bəxtiyar Vahabzadə”), “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turanın (“Bəxtiyar Vahabzadə ilə bağlı oxunmamış səhifələrdən parçalar”), professor Cavanşir Yusiflinin ( “Bir şeirin dedikləri və eşqə dair”), filologiya elmləri doktoru Elnarə Akimovanın (“Bəxtiyaram mən”) yazıları, habelə şairin öz dilindən danışılan “Həyatım və sənətim” xatiratının parçaları, Şəkidəki ev-muzeyindən kiçik fotoreportaj yer alır.

Dərgidəki bütün materialların Türkiyə türkcəsinə tərcüməçisi, yazıçı Ömər Mehmetoğlunun “Azərbaycanın ölümsüz şairi Bəxtiyar Vahabzadə” məqaləsi də var. Bundan əlavə Azərbaycanın və Türkiyənin, eləcə də bütün türk dünyasının dövlət adamlarının - Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Cümhuriyyətinin IX prezidenti Süleyman Dəmirəlin, eləcə də görkəmli ədəbiyyat və mədəniyyət adamlarının - Rəsul Rza, Çingiz Aytmatov, Lev Qumilyov, Oljas Süleymenov, Yavuz Akpınar, Cavad Heyət, Əhməd Ercilasun, Mehmet Kaplan, Yavuz Akpınar, Yevgeni Yevtuşenko, Rimma Kazakova, Pavlo Movçan, Yavuz Bülən Bakilər, İmamverdi Əbilovun qısa fikirləri də dərgidə xüsusi bölümlərdə təqdim edilib.

Dərgini oxucular üçün maraqlı edən daha bir xüsusi məqam Bəxtiyar Vahabzadənin dillər əzbəri olar şeirlərinin ( “Ana dili”, “Axı dünya fırlanır”, “Vətən marşı”, “Bir sirdaş istəyirəm”, “Azərbaycan-Türkiyə”, “Şəhidlər”, “Mən türkəm” və b.) təqdimatıdır.

Qeyd edək ki, dərgi millət vəkili Cavanşir Feyziyevin yaxından iştirakı və dəstəyi ilə ərsəyə gəlib. Mətnlər Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində seçilib və tərcümə edilib. Layihənin rəhbəri Bədii Tərcümə Mərkəzinin sədri Səlim Babullaoğlu, koordinatoru Bəxtiyar Səlimov və Ömər Küçükmehmetoğludur. /Azərtac/


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!