“Mişov Dağı” jurnalının 25-ci nömrəsi Xalq şairi Səməd Vurğuna həsr edilib

 

İranın Təbriz şəhərində Mişov Dağı Mədəniyyət Dərnəyinin dəstəyi ilə Azərbaycan və fars dilində nəşr olunan “Mişov Dağı” jurnalının 25-ci nömrəsi işıq üzü görüb.

Jurnalın bu nömrəsi Azərbaycan poeziyasının qüdrətli nümayəndəsi, şair, dramaturq, ictimai xadim, Xalq şairi Səməd Vurğuna həsr edilib.

Jurnalda unudulmaz şairin yaradıcılığı haqqında elm, ədəbiyyat, incəsənət xadimlərinin fikir və mülahizələri yer alıb. Şairin dünya və həyat, ədəbiyyat və zaman, yer üzünün cövhəri olan insan haqqında fəlsəfi aforizmləri incələnib, yeni fikir və müasir məna baxımından analiz olunub.

Jurnalın bu nömrəsində 2018-ci ildən Mişov Dağı Mədəniyyət Dərnəyinin İdarə heyətinə üzv seçilmiş həmyerlimiz, şair-publisist Zərəngiz Dəmirçi Qayalının da adı redaksiya heyətinə daxil edilib. Jurnalda şairənin şeirləri də yer alıb.

Azərbaycan ədəbiyyatı və incəsənətinin təbliğinə həsr edilmiş 255 səhifəlik jurnal oxucuların böyük marağına səbəb olub.

Jurnalın növbəti nömrəsi Azərbaycanın ilk qadın Xalq şairi Mirvarid Dilbazinin 100 illiyinə həsr ediləcək.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!