2019-un ədəbiyyat mükafatları təqdim edildi

 

Edebiyyatqazeti.az xəbər verir ki, ötən gün APA Goup-un akt zalında Kulis.az saytının 2019-cu ilin yazıçısına, şairinə və tənqidçisinə verdiyi mükafatlar sahiblərinə təqdim olunub.

Təqdimat mərasimini giriş sözü ilə açan yazıçı,  Kulis.az-ın baş redaktoru Şərif Ağayar ilin yazıçılarının seçim prinsipindən danışaraq il boyu ədəbi və mədəni prosesləri yaxından izləyən sayt kollektivinin seçim zamanı 2019-cu ildə ədəbi fəallıqları ilə seçilən peşəkar ədəbiyyat adamlarına üstünlük verdiklərini söyləyib.

Çıxış edən tənqidçi-ədəbiyyatşünas Cavanşir Yusifli tədbirin əhəmiyyətindən söz açaraq təşkilatçılar tərəfindən ənənəyə çevrilən bu tip hadisələrin ədəbi mühitə müsbət təsirindən söz açıb.

“Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan seçilən şəxsləri təbrik edərək sayta atdığı bu addıma görə təşəkkürünü bildirib. Laureatlar arasında “Ədəbiyyat qəzeti”nin əməkdaşının olmasını xüsusi vurğulayan Azər Turan bu təşəbbüsü həm də qəzetin il ərzində göstərdiyi fəaliyyətə qiymət kimi dəyərləndirib.

Ardınca laureatlara mükafatlar təqdim olunub.

Bu il çap olunan “Düşüncə zamanı - ədəbi tənqid diskurs kimi” və “Ədəbiyyat qəzeti”ndə təşkil olunan ədəbi müzakirələrin toplandığı “Müstəqilliyin ədəbiyyatı müzakirə diskursunda” kitablarına görə, həmçinin  yeni ədəbiyyat nümunələrindən, xüsusən gənclərin yaradıcılığından mütəmadi yazdığı səmərəli tənqidi yazılarına görə “İlin tənqidçisi” mükafatına Elnarə Akimova layiq görülüb.

“Qız və maneken” povest və hekayələr kitabına görə “İlin yazıçısı” mükafatına Səfər Alışarlı, Kulis.az saytında yayımlanan və geniş marağa səbəb olan şeirlərinə görə “İlin şairi” mükafatına Həmid Herisçi layiq görülüb.

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!