Azərbaycan Yazıçılar Birliyində “Ənvər Rzanı xatırlarkən” kitabı təqdim olunub

 

Edebiyyatqazeti.az xəbər  verir ki, dekabrın 24-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda “Ənvər Rzanı xatırlarkən” kitabının təqdimat mərasimi keçirilib.

Şairin 80 illik yubileyinə həsr olunmuş kitabın müəllifi Əli İsmayılovdur.

Tədbirdən öncə jurnalistlərə müsahibə verən Ə.İsmayılov deyib: “Bu il anadan olmasının 80 ili tamam olan şair, alim, tərcüməçi, müəllim Ənvər Rzanın yaradıcılığından söhbət açmazdan əvvəl onun həyat və yaradıcılığına yaxından bələd olan bir şəxs kimi oxucuları onun tərcümeyi-halı, boya başa çatdığı ictimai-ədəbi mühitlə tanış etmək istəyirəm. Ənvər Rzanın tərcümeyi-halına bələd olmadan, onun yaradıcılığını anlamaq, duymaq çətindir. Özünü reklam etməyi xoşlamayan şair o dövrdə çox təbliğ olunmadığına görə bəlkə də, geniş oxucu kütləsinə məlum olmamışdı, lakin o dövrdə onun şeirlərinə mahnılar yazılmış, qoşmaları aşıqlar tərəfindən oxunmuşdu”.

Tədbirin aparıcısı filologiya üzrə fəlsəfə doktoru İlham Məmmədli şairin barədə məlumat verib. Bildirib ki, Ənvər Rzayev 1939-cu ildə Kəlbəcər rayonunun Aşağı Ayrım kəndində anadan olub. 1957-ci ildə Kəlbəcər orta məktəbini Gümüş medalla bitirib, həmin ildə Xarici Dillər İnstitutunun ingilis dili fakültəsinə daxil olub. 1962-ci ildə institutu fərqlənmə diplomu ilə bitirib pedaqoji şuranın qərarı ilə orada müəllim vəzifəsində saxlanılıb. 1967-ci ildə “İngilis poeziyasının Azərbaycan dilinə tərcümə məsələləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək alimlik dərəcəsi alıb. 1972-ci ildə institutda ilk dəfə açılan tərcümə kafedrasına müəllim təyin edilib.

“Azərnəşr” nəşriyyatının baş redaktoru Əlövsət Ağalarov bildirib ki, Ənvər Rza böyük şair olduğuna görə haqqında kitablar yazılır və yazılacaq. O nəinki şair, eyni zamanda görkəmli tərcüməçi də olub. O, Bayronun poemalarını, Şekspirin sonetlərini Azərbaycan dilinin imkanlarından istifadə edərək nəfis şəkildə tərcümə edib, özünü tərcüməçi kimi təsdiqləyib.

Azərbaycan Dillər Universitetinin professoru Qələmşah Heybətov Ənvər Rzanın tələbəsi olduğu vaxtları xatırlayıb. Bildirib ki, Ənvər Rza “Vaqif” dramını ingilis dilinə tərcümə edəndən sonra əsər səhnələşdirilib və o, əsərin qəhrəmanlarından birini canlandırıb.

Əməkdar jurnalist Adil Cəmil Ənvər Rza ilə tanışlığından və onun təvazökarlığından danışıb. 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!