"İmadəddin Nəsimi - 650" adlı tədbir keçirilib

 

Edebiyyatqazeti.az xəbər verir ki, bu gün Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecində “Nəsimi ili” ilə əlaqədar "İmadəddin Nəsimi - 650" adlı informativ tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan tədbirin təşkilatçısı, yazıçı, pedaqoq Günel Eyvazlı tələbələri, müəllimləri salamlayıb, Kollecə təşrif buyurmuş Nəsimişünas alim Səadət Şıxıyevaya, şərqşünas alim Vüsal Hətəmova, Əməkdar jurnalist Eyruz Məmmədova dəvətlərini qəbul edib gəldiyi üçün təşəkkürünü bildirib. Eyni zamanda İmadəddin Nəsimi fəlsəfəsi, poeziyası və bu istiqamətdə yazılmış monoqrafiyalar, çap edilmiş kitablar haqqında geniş məlumat verib.

Sonra Nəsimişünas alim Səadət Şıxıyeva, şərqşünas-alim Vüsal Hətəmov Nəsimi fəlsəfəsi, poeziyası və yaşadığı tarixi dövr haqqında tələbələr qarşısında mühazirə söyləyiblər. Nəsimi fəlsəfəsində əks olunan kamil insan konsepsiyası haqqında geniş məlumat veriblər, tələbələrin sullarını cavablandırıblar.

Səadət Şıxıyeva "Nəsiminin lirikası: irfani mündəricə və poetik zinətlər", Vüsal Hətəmov "Nəsiminin şeirləri nə deyir" adlı yeni kitablarını Kollecə təqdim edərək tələbələrin ixtiyarına buraxıblar.

Diskussiya şəklində təşkil edilmiş  tədbirdə ara-sıra yayımlanan süjetlər, video görüntülər, alimlərin dilə gətirdiyi fikirlər Kollecin tələbələri və müəllim heyəti tərəfindən maraqla qarşılanıb.