Ədəbiyyat İnstitutunda Fatih Usluerin “Hürufi qaynaqlarında Seyid Nəsimi” mövzusunda elmi seminarı keçirilib

 

Edebiyyatqazeti.az xəbər verir ki, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Hürufizmin tanınmış tədqiqatçılarından olan professor Fatih Usluerin “Hürufi qaynaqlarında Seyid Nəsimi” mövzusunda elmi seminarı keçirilib. Bu seminar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi və 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında verdiyi Sərəncamlara uyğun olaraq İnstitutun həyata keçirdiyi silsilə tədbirlər çərçivəsində baş tutan “Ey Nəsimi, cahanı tutdu sözün...” II Beynəlxalq Elmi Konfransının davamı olaraq reallaşıb.

Tədbiri giriş sözü ilə Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı açaraq “Ey Nəsimi, cahanı tutdu sözün...” II Beynəlxalq Elmi Konfransının tərkib hissəsi olan həmin seminar üçün dəvəti qəbul edib gəldiyinə görə professor Fatih Usluerə təşəkkürünü bildirib.

Türkiyəli alim Fatih Usluer “Hürufi qaynaqlarında Seyid Nəsimi” adlı məruzəsində Nəsiminin hürufiliyə nə zaman gəlməsi, Fəzlullah Nəimi ilə nə vaxt və harada tanış olması ehtimallarına da münasibət bildirib. Onların ilk görüşlərinin 1386-1387-ci illərdə Təbrizdə olması ehtimalını irəli sürsə də, Bakıda görüşdüklərini də inkar etmir. Hətta Nəsiminin hürufiliyə 1394-cu ildə, Nəsimin edamından sonra gəlmə ehtimallarını da diqqətə çatdırıb.

“Fəzlullahın Çahar yarı”nda adı çəkilən dörd nəfərin içində Nəsiminin adının olmadığını qeyd edib. “Vəsiyyərnamə”də isə Nəsimi adından fərqli olaraq Seyid Əli adının daha çox keçdiyini bildirib. Həmçinin onun hürufiliyə Əliyül-əlanın vasitəsilə gəlmiş olduğu qənaətini bölüşüb.

Hürufilərin digər mənbələrindən olan Rəfinin “Bəşarətnamə”sində də Nəsimidən bəhs edildiyini əlavə edib. Ümumiyyətlə, fikirlərini yazılı mənbələrə istinadən ifadə edən professor “Nəsimi panteist deyildir”- fikrində qəti mövqe nümayiş etdirib.

Seminarda Ədəbiyyat İnstitutunun alimlərindən filologiya elmləri doktorları Rəhim Əliyev, İmamverdi Həmidov, Fəridə Əzizova, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Allahverdiyeva, doktorant Şəmsurə İsmayılova və başqalarının mövzu ilə bağlı sualları da cavablandırılıb.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!