Ədəbiyyat İnstitutunda “Son səfər” povestinin təqdimatı olub

 

Edebiyyatqazeti.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda yazıçı, ssenarist Hüseynbala Mirələmovun “Son səfər” povestinin təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq bu təqdimatın “Ey Nəsimi, cahanı tutdu sözün...” mövzusunda II beynəlxalq elmi konfransın tərkib hissəsi olduğunu söyləyb. “Nəsimi ili” çərçivəsində AMEA-nın institut və təşkilatları tərəfindən dahi şairin yaradıcılığına həsr olunan 25 kitabın nəşr edildiyini, onlardan 12-nin Ədəbiyyat İnstitutunun əməkdaşları tərəfindən hazırlandığını vurğulayıb.

Nəsimiyə həsr edilən ilk povest olan “Son səfər” əsərində Hüseynbala Mirələmovun şairə ənənəvi baxışdan fərqli olaraq, həyati şəkildə, təbii insan obrazı kimi yanaşdığını qeyd edib. Nəsiminin həyatını hürufilik mücahidi olaraq yox, sadə və kamil insan həyatı kimi obrazlaşdırdığını bildirib. Bu povestdə ilk dəfə olaraq şairin qardaşı Şahxəndanın da mükəmməl obrazının yaradıldığını əlavə edib.

Sonra Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İslam Qəribli “Hüseynbala Mirələmovun “Son səfər” əsəri” və filologiya elmləri doktoru, professor Salidə Şərifova  “İmadəddin Nəsimi “Son səfər”də” məruzələri ilə çıxış ediblər.

Təqdimat mərasimində Əməkdar Elm Xadimi, professor Qəzənfər Paşayev, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, İnstitutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı povestin müstəqillik ideyalarına əsaslanaraq yazılma məziyyətlərini qeyd ediblər.

Xarici qonaqlardan Özbəkistan Elmlər Akademiyası Ədəbiyyat, Dil və Folklor  İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Erqaş Oçilov, Tacikistan Dövlət Dillər İnstitutunun dosenti, filologiya üzrə fəlsəfə doktoru Ruxşona Vasiyeva, Rusiya Fəlsəfə Cəmiyyətinin beynəlxalq məsələlər üzrə vitse-prezidentinin müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Ariz Gözəlov  da fikir mübadiləsinə qoşulublar.

Tədbirdə filologiya üzrə fəlsəfə doktoru İlhamə Ağazadə, kitabın bədii redaktoru Sevinc Mürvətqızı da kitab haqqında fikirlərini bölüşüblər. Sonda müəllif Hüseynbala Mirələmov tədbirin təşkili üçün təşəkkürünü bildirib.