“Ey Nəsimi, cahanı tutdu sözün...” II Beynəlxalq Elmi Konfransı keçirilib

 

Edebiyyatqazeti.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Ey Nəsimi, cahanı tutdu sözün...” II Beynəlxalq Elmi Konfransı keçirilib. Konfransın plenar iclasında AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev də iştirak edib.

Konfransın plenar iclasını giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və ölkəmizdə 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında Sərəncamlarına uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasında görülmüş işləri diqqətə çatdırıb. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun bu istiqamətdə yetərincə işlər gördüyünü bildirib. Bu konfransı Prezidentin Sərəncamları işığında Elmlər Akademiyasında görülmüş işlərin yekunu kimi qiymətləndirib. Akademik çıxışında bildirib ki, Nəsiminin indiyə kimi çap olunmayan 200 yüz şeiri Əlyazmalar İnstitutu tərəfindən çapa hazırlanıb.

Konfransa Tacikistan, Özbəkistan, Rusiya, Türkiyə və digər Şərq ölkələrindən, eyni zamanda ölkəmizin müxtəlif universitetlərindən iştirakçıların qatılmasını dahi Nəsimiyə böyük sevginin təzahürü kimi qiymətləndirib. Konfransa böyük maraq göstərildiyini, 150-dən çox məqalə qəbul edildiyini nəzərə çatdırıb. Konfrans materiallarının iki cilddə çap olunmasının nəzərdə tutulduğunu bildirən akamenik İsa Həbibbəyli birinci cildin artıq nəşr olunduğunu qeyd edib.

Plenar iclasda Nizami  Gəncəvi  adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rəfael Hüseynov çıxış edərək bildirib ki, Nəsimi yalnız Azərbaycanın deyil, bütün dünyanın ən cəsarətli şairi şayıla bilər. Onun digər şairlərdən fərqini öz sözləri ilə belə izah edib ki, “o, mən həqiqəti axtarıram demir, mən həqiqəti tapmışam deyir”. Akademik Rəfael Hüseynov Nəsimin 600 illik yubileyinin keçirilməsi tarixçəsinə nəzər salaraq həmin dövrdə onun harada doğulması ilə əlaqədar yaranmış fikir ayrılıqlarına münasibət bildirib. Şairin Şamaxı, Bakı, Təbriz, Naxçıvan, Gəncə, Dərbənd kimi şəhərlərdə doğulmasını ehtimal edənlərin mübahisələrinə, hətta türkmənlərin özlərinə aid etmələrinə o zamankı Azərbaycan rəhbəri  Heydər Əliyevin qətiyyəti sayəsində son qoyulduğunu bildirib.

Özbəkistan Elmlər Akademiyası Ədəbiyyat, Dil və Folklor  İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Erqaş Oçilov özbək dilində çıxış edərək öz ölkəsində Nəsiminin tədqiqi və təbliği istiqamətində görülmüş işlərdən bəhs edib. Özbəkistanda Nəsimi ilə bağlı çap olunmuş kitabları Ədəbiyyat İnstitutunun direktoruna hədiyyə olaraq təqdim edib. O, çıxışının sonunda əlavə edib ki, mən nəsimişünas olmasam da, nəsimisevərəm.

AMEA Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva çıxışında Şərqşünaslıq İnstitutunda Nəsimin tədqiqi istiqamətində indiyə qədər görülmüş işlərin tarixindən və hazırda görülən işlərdən danışıb. O, təklif edib ki, Nəsimi və digər klassik şairlərimizin irsinin yenidən transliterasiya edilməsi də elmi axtarışlara yeni töhfələr verə bilər.

Konfransda Tacikistan Dövlət Dillər İnstitutunun dosenti, filologiya üzrə fəlsəfə doktoru Ruxşona Vasiyeva, Rusiya Elmlər Akademiyasının Rusiya Fəlsəfə Cəmiyyətinin vitse-prezidentinin beynəlxalq məsələlər üzrə müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Ariz Gözəlov, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Fəridə Əzizova da çıxış ediblər.

Konfrans bölmə iclasları ilə öz işini davam etdirib.