Sumqayıtda bir şairə - Gülnarə Cəmaləddin - Vaqif YUSİFLİ

Vaqif YUSİFLİ

Şeirdə təzə söz demək, özünəməxsus ifadə tərzi ilə seçilmək hər şairə nəsib olmur. Şeir poetik istedad tələb edir və poeziyanın ilkin şərti elə budur - "Bəli, şair olmaq odur ki, gərək Öz damarlarından qanı çəkərək Vurub isidəsən özgə qanını" (Sergey Yesenin). Gülnarə Cəmaləddin elə ilk şeirlərindən istedadının, onu daxilən, ruhən həyəcanlandıran duyğularının axarınca gedib. "Mən və Dünya!"- Özümü bu geniş, intəhasız dünyada necə hiss edirəm və görürəm? İçimdəki Dünya ilə böyük Dünya arasında nə kimi ilişgilər, körpülər və təzadlar var? O, sanki hər şeirində bu suallara cavab axtarıb.

Ömrümün üstünə qalxıb
başımın üstündəki
dar ağacından tutub
boylanıram Azadlığıma.
Azadlığımın o üzündə mavilik
və sonsuzluq.
Dünya necə gözəl
Və təmiz.

Bu şeiri çoxdan yazıb Gülnarə. İçindəki bir təzadın, azadlıq həsrətinin, dünyanı gözəl və təmiz görmək istəyinin şöləsi olan bu misralar sonralar neçə şeirində yeni versiyalarla üzə çıxdı.

Gülnarə Cəmaləddin təzadlı, bir-birinə əks duyğuları, zaman etibarilə keçmişi və indini, gözəlliyi və bunun qəsdinə duran aləmi şeirlərində beləcə əks etdirir. Bizə məlum olan motivlərə mürəciət edəndə mütləq sxemdən, deyilmiş fikirlərdən mümkün qədər uzaqlaşır. Deyək ki,Vətəndən şeir yazanda Vətən sevgisini şablona çevirmir, bu sevginin təzə çalarını bizə təqdim edir:

Mən səni elə sevirdim, vətən,

Şəhid qəbirlərinə

qərənfillər düzülməmişdi,

Xocalı əsir düşməmişdi.

Mən səni elə sevirdim, vətən,

Quşlar göy üzünü sevəntək.

Mən səni elə sevirdim, vətən,

Pioner balaların gül daşıyırdı

Bolşeviklərin bəzəkli məzarına,

Proletar balaların inanırdı

Kommunizmin nağılına.

Bir də

səni o cürə sevməmək

o vaxt

Gəlməzdi heç kəsin ağlına.

Mən səni elə sevirdim, VƏTƏN,

Çünki

sən

məndən çox,

özgənin idin

o vaxt.

Hər mövzuya bu sayaq sərbəst, özünün düşündüyü, lakin bizi də düşündürdüyü kimi yanaşdıqda baxış bucağı dəyişir, məlum nöqtəyə bir başqa cür boylanırsan.Gülnarə Cəmaləddin bu "gəlimli-gedimli dünyaya" da adi baxmır, həmişə qeyri-adilik axtarır. Şeirdə qeyri-adilik fikir təzəliyində üzə çıxır.

Siz intihar edən qar dənələri görmüsünüzmü?  Elə bunun özü obrazlı bir ifadədir.  Gülnarənin şeirində bir qar dənəciyi Yer üzünə özünü atır ki, onu çirkabdan təmizləsin, dünyaya bir saflıq yaysın.Düşünürsən ki, sən demə, ömrü saniyələrlə ölçülən maddi bir varlığın öz ölümü, intiharı hesabına belə "qəhrəmancasına hərəkəti" adi təbiət hadisəsi deyilmiş… Doğrudanmı, onun intiharı insanları müdhiş ölüm barədə düşünməyə sövq edəcək?

Sənin ağlığından adam üşüyür,

Sənin təmizliyin çoxuna yaddı.

Sənin səssizliyin, sənin sükutun

Sənin soyuqluğun adam öldürür.

Allahdan yuxarı getməyə yol yox,

Allahdan aşağı ölməyə yer var.

Hər kəsin dilində sevdiyi dua,

Hər kəsin içində ilahi sirr var.

İntihar eləyən qar dənəciyi

Çırpırsan özünü torpağa, daşa.

Qorxuram hamını çəkə intihar

Dünyada bir təmiz adam qalmaya.

 

Gülnarə Cəmaləddin ən zərif, ən kövrək hissləri qələmə alır bəzən ən sərt həqiqətlərə üz tutur, amma hər ikisində fikir, məna yolunu tutur, bircə işarə, informasiya kifayətdir ki, həmin fikir hissin, duyğunun da ifadəsinə çevrilə. Balıqlar niyə ablamırlar? Çünki: "Mələklər qonası çiyinləri yox, Su yuyub aparar günahlarını". Qaranquş bu yaz gecikir. Bu təsadüfə Cülnarə bir təəssüf çaları qatır: "Dedim bəlkə yaz gələndə anam gələ, evini sahmana salmağa, Səməni göyərtməyə elə tələsirdi anam". Torpağından çiçək deyil, qan daman ərəb baharı- "Səhrada bahar olmur, çiçəklər açılmır, Hardan gəldi bu bahar güllələr açıldı. Bahar kimə gərəkdi sevinci yoxsa çiçək gətirməyəcəksə".

Şeirlərində müharibə dövrü qadınlarının əhval-ruhiyyəsi, psixoloji yaşantıları duyulur. "Mənim sevgi yaşımda yağmalandı məmləkətim. Üsyan dolu şeir yazdım sevgi,  həsrət nəğmələri dinləmədim".Amma sevgi şeirləri yazanda da orijinallığa meyl edir:

 

Səni sevmək

Şopeni dinləmək qədər dadlı

Bir çiçəyi anlamaq qədər hüznlü

Səni sevmək

odla oynamaq qədər qorxulu

Səni sevmək

Ölümü sevmək

demək..

 

Sevgi elə bir hiss, duyğudur ki, onun min bir çaları var. Qəmin min bir çaları olduğu kimi. Kimsə deyir ki, sonu vüsal olan məhəbbətlər heç zaman ruhi ehtiyacdan doğmur, burada müqəddəslikdən uzaqlaşırsan. Amma söhbət sevginin təmizliyindən, saflığından gedirsə, vüsal da gözəldir, hicran da. Gülnarənin sevgi şeirləırində bu mənada bir təmizlik görürsən.

Kişilər öləndə

ilk öncə sevdiyi qadınlar yetim qalar.

Kədərini ovcunda cırmaqlayaraq

Çəkilib kimsənin görmədiyi yerdə

Gizlicə hönkürər.

İlk sözü qadınlar yazar

Sinəaltı baş daşlarına.

Yer üzündə

qərib qalar,

ürəksiz olar

əslində, sevdiyi kişiylə birgə ölər

bütün sevən qadınlar.

Gülnarə Cəmaləddinin elə bir şeiri yoxdu ki, o şeirdə insan hissləri ilə təbiət arasında bir harmoniya, bir oxşarlıq görməyəsən. Hətta elə şeiri var ki, təbiətin özü də insaniləşir: "Bu şəhərin havası Sevgi kimi kədərli, Həsrət kimi ağırdı".Yaxud: "Göyün bağrı çatlayır, Od püskürür qəhərdən. Köhnə, kimsəsiz evlər Könlüm kimi kədərli. Adamlar quşlar kimi çəkilir yuvasına".

Ana ölümü, ata həsrəti…Gülnarənin bu nisgillərində də ənənəvi, çoxlarının söylədiyi və artıq şablona çevrilmiş ifadələr görməzsən. Bir şeirində Allahla Ana üzü arasında bir assosiasiya yaradılır. Başqa bir şeirində: "Anam Allahı köməyə çağıranda göyə baxardı. Öləndə qapıya baxdı, bir də nakam balasının şəklinə. Mən anamı itirəndən dünya anasız qaldı"- anasızlıq hüznü çox təbiidir. Başqa bir şeirində isə: "Gec oldu xoşbəxt eləyə bilmədim səni. Dünyanın ən xoşbəxt qadınıydın bəlkə də, dünyanın ən xoşbəxt anası eləyə bilmədim səni"- təəssüf, itkidən doğan ağrıdı bu. Ana itkisiylə tamam təzadlı bir mənzərəyə diqqət edin:

Bu yaz da beləcə çıxıb əlimdən

qəfil parıltıyla uçub gedəcək

Hər qırılan budaq.

hər düşən yarpaq

Anamı,

Anamı xatırladacaq.

Adətən, bizim qadın yazarların şeirlənindən həmişə tənhalıq qoxusu gəlir, hətta tənhalığın acısını hiss edirsən o şeirlərdə. Bu tənhalıq ya onların bəxtinin kəm olmağından, ya sevginin ayrılıq nisgilindən, ya da kimsəsizlikdən, təklikdən yaranır…Əlbəttə, tənhalığın yaratdığı ağrı-acılar da insan ömrünün yaşantılarıdır, bəzən insan özünü tənhalıqda daha xoşbəxt hiss edir, bəzən isə bu tənhalıq onun ömrünü tükəndirir. Gülnarənin şeirlərində də tənhalığın yaratdığı ab-hava, səssiz  fəryada, hıçqırtıya çevrilən anları izləyirsən, ancaq sanki bunun əksinə olaraq tənhalığa üsyan edən bir qəlbin nidaları eşidilir.  "Öpdüm bu yağışın gözlərindən barmağımla. Pəncərəyə adımı yazdım dodaqlarımla, köhnə, lap köhnə bir mahnını mızıldadım içimdə"-bu misralar hər halda bir tənhalıq əsirinin dilindən qopur. Amma "Söndürün gecə lampalarını, Kəsin beynimi didən o qaraçı havasını. Şahid tutmayın buludların qoltuğunda daldalanan solğun ayı. Ağlamayın, üzülməyin, oyatmayın yalanları" misraları tənhalığın inkarıdır.

Ümumiyyətlə, Gülnarə Cəmaləddinin istər kədərli, istər tənhalıq qoxulu, istər sevinc, səadət damcılanan, istərsə də həyatla, gerçəkliklə, vətən havası ilə yazılan şeirləri olsun, bütün bunlar həyatı sevən bir şairənin poetik yaşantılarıdır… Görəsən, həyatı belə sevmək olarmı?

Sən atamın dərdi qədər kübar,

Anamın göz yaşları qədər zalım.

Bir uşaq oyuncağı kimi aldadıcı,

Bir yalan qədər məsum.

Dostlara adlar yazılacaq qədər

vəfasız.…

Amma mən bu misralarda əsl həyat eşqini də gördüm:

Bayrağını başa çəkdim,

Torpağına ana dedim.

Heç bir kəsə qıymadığım

Canı qurban sana-dedim.

 

Quşlar paşa-paşa uçar,

Çiçəklərin xanım-xatın.

Buludların əlçim-əlçim,

Ətəklərin gülabatın.

 

P.S.

İyulun isti yay günlərindən biri- 27 iyul. Sumqayıtda, Əli Kərim poeziya klubunda kiçik bir toplantı. Burada yaşayan söz adamları Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinə yeni sədr seçəcəkdilər. Uzun illər bu bölmənin rəhbəri olmuş istedadlı şair Sabir Sarvan bir neçə aydı ki, dünyasını dəyişmişdi. Mən də o toplantıda iştirak elədim. Rəşad Məcid Yazıçılar Bimrliyinin sədri Anar müəllimin imzaladığı bir sərəncamla iştirakçıları tanış etdi. Şairə Gülnarə Cəmaləddin Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin sədri seçildi. Hamı kimi mən də ona uğurlar arzuladım. Oxucuları Gülnarənin qısa tərcümeyi-halı ilə tanış edirəm: Gülnarə Şirinalı qızı Niftiyeva 1963-cü ildə Yardımlıda dünyaya gəlib. Orta məktəbi bitirəndən sonra Sumqayıta köçüb, burada universitet bitirib. Səksəninci illərdən şeir yazmağa başlayıb. 2000-ci ildən Yazıçılar Birliyi Sumqayıt bölməsində məsləhətçi işləyirdi. Bir şeir kitabı ("Qəhvə rəngi") nəşr edilib, amma "Azərbaycan", "Uldüz" jurnallarında, "Ədəbiyyat qəzeti"ndə tez-tez şeirləri dərc edilir.