Akademik Ramiz Mehdiyev Cəlil Məmmədquluzadənin nəslinin davamçıları ilə görüşüb

 

Edebiyyatqazeti.az xəbər verir ki, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev görkəmli Azərbaycan yazıçısı və dramaturqu Cəlil Məmmədquluzadənin nəslinin davamçıları, ədibin hazırda Polşada yaşayan nəticəsi Martin Cavanşiri və kötücəsi Pşemislav Cavanşiri ilə görüşüb. Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli də iştirak edib. Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.

Cəlil Məmmədquluzadənin zəngin ədəbi-bədii yaradıcılığından danışan akademik Ramiz Mehdiyev bildirib ki, görkəmli yazıçının Azərbaycan xalqı qarşısında böyük xidmətləri vardır. Mirzə Cəlil hekayə və dramlarında, publisistik əsərlərində Azərbaycan xalqının inkişafına çalışıb, milli istiqlal uğrunda mübarizə aparıb. Ədib haqqında çoxsaylı kitablar, əsərlər və məqalələr yazılıb.

AMEA-nın prezidenti müasir dövrdə Polşa ilə Azərbaycan arasında müxtəlif sferalarda əlaqələrin olduğunu deyib. Həmçinin qeyd edib ki, polşalılar uzun illər Azərbaycanda yaşayıb-yaradıb, polşalı memarlar tarixi binalar tikiblər.

Akademik Ramiz Mehdiyev Cəlil Məmmədquluzadənin nəslinin davamçılarının tapılması istiqamətində uzun illər araşdırmaların aparıldığını bildirib. Qeyd edib ki, onların səfəri zamanı ulu babaları Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı ilə tanış olmaq üçün lazımi şərait yaradılmışdır.

Sonra akademik Ramiz Mehdiyev qonaqlara Naxçıvan xalçası hədiyyə edib.

Daha sonra çıxış edən Martin Cavanşiri Azərbaycana dair təəssüratlarını bölüşüb. O, ölkəmizə ilk dəfədir səfər etdiyini və böyük maraqla qarşılandığını deyərək, ulu babasının Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilməsinin son dərəcə təsirli və həyəcanlı, eyni zamanda, qürurverici hadisə olduğunu vurğulayıb. Bundan əlavə, o, Polşaya qayıdan zaman Azərbaycan və burada öyrəndikləri haqqında xoş təəssüratlarını ailəsinə, yaxın qohumlarına və geniş ictimaiyyətə çatdıracağını bildirib.

Martin Cavanşiri onları AMEA-da qəbul etdiyinə görə akademik Ramiz Mehdiyevə dərin minnətdarlığını ifadə edib.