Azərbaycan Dillər Universitetində Əhməd bəy Ağaoğluya həsr edilən dəyirmi masa keçirilib

Edebiyyatqazeti.az xəbər verir ki, noyabrın 14-də Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının təşkilatçılığı ilə “Əhməd bəy Ağaoğlu - Azərbaycanın görkəmli mütəfəkkiri və ictimai-siyasi xadimi” mövzusunda dəyirmi masa keçirilib.

Dəyirmi masada fakültənin dekanı, dosent İbrahim Kazımbəyli görkəmli mütəfəkkir Əhməd bəy Ağaoğlunun həyat və yaradıcılığından danışıb.

Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, professor Solmaz Rüstəmova-Tohidi “Əhməd bəy Ağaoğlu və milli kimlik məsələsi” mövzusunda çıxış edib. Qeyd olunub ki, Əhməd bəy Ağaoğlu ilk təhsilini Şuşadakı rus məktəbində və Tiflis gimnaziyasında alıb. Peterburq Mühəndis-Texniki İnstitutuna daxil olsa da, təhsilini yarımçıq qoyaraq, Parisdə hüquq məktəbini və Sarbonna Universitetini bitirib. Burada Şərq xalqlarının tarixini, ərəb, fars və türk dillərini mükəmməl öyrənib, 1890-cı ildə Şərq fəlsəfəsinə və ədəbiyyatına dair ilk elmi məqaləsini nəşr etdirib. Daha sonra onun müxtəlif məcmuələrdə digər yazıları da dərc olunub.

Bildirilib ki, Əhməd bəy Ağaoğlu 1918-ci ildə xalqın bolşevik-daşnaklara qarşı mübarizəsinə kömək üçün göndərilmiş Qafqaz İslam Ordusunun komandanı Nuru paşanın siyasi müşaviri kimi Azərbaycana gəlib. Həmin il iyunun 16-da Milli Şura və hökumət Tiflisdən Gəncəyə köçərkən bu hökumətin həyata keçirmək istədiyi tədbirlərin “həddindən artıq demokratik istiqamətindən” narazı qalan Azərbaycan burjuaziyası və mülkədarlarının təsiri altında Gəncədə real hakimiyyətə malik olan Türkiyə qoşunları komandanlığı ilə Milli Şura arasında anlaşılmazlıq yarandıqda Nuru paşanın yanında böyük nüfuzu olan Əhməd bəy Ağayev qarşılıqlı güzəştlər əsasında ümumi razılığa gəlməkdə vasitəçilik edib. Onun təklifinə görə, Milli Şura buraxılmalı və bütün hakimiyyət yeni yaradılacaq hökumətə həvalə olunmalı idi. 1918-ci il iyunun 17-də bu məsələni müzakirə edən Milli Şura yeni hökumətin təşkilinə və öz səlahiyyətlərini müvəqqəti olaraq ona verməyə razı olmuşdu.

Diqqətə çatdırılıb ki, Ə.Ağaoğlu Qərb mədəniyyətindən öyrənmək fikrini yazılarında ardıcıl olaraq irəli sürüb, İslama baxışlarında demokratik mövqedən çıxış edib. O, Azərbaycan türklərində milli şüurun oyanmasında və güclənməsində mühüm rol oynayıb.

Dəyirmi masada tələbələrin sualları cavablandırılıb.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!