Xalq şairi Sabir Rüstəmxanlının yeni kitabı işıq üzü görüb

 

Edebiyyatqazeti.az xəbər verir ki, Xalq şairi, filologiya üzrə fəlsəfə doktoru Sabir Rüstəmxanlının ədəbi düşüncələrdən ibarət yeni kitabı işıq üzü görüb. Kitabda dilimiz, ədəbiyyatımız, cəmiyyətimiz haqqında fikirləri, ədəbi-nəzəri məqalələri, eləcə də müxtəlif nəsilləri və müxtəlif xalqları təmsil edən tanınmış qələm sahibləri haqqında portret-oçerkləri toplanıb. "Özümüzdən böyük sözümüz" əsasən üç bölümə ayrılır (“Dil. Ədəbiyyat. Cəmiyyət”, “Yazıçının özü və sözü (ədəbi portretlər)” və “Sərhədlərdən o yana”) ilk hissəsində ana dilimiz, ədəbiyyatımız, eləcə də cəmiyyətlə bağlı geniş nəzəri yazılar yer alıb.

“Qanun” nəşriyyatında nəfis tərtibat və yüksək poliqrafik səviyyədə işıq üzü görən kitabın redaktoru və “Prometeyin odu qoruduğu kimi” sərlövhəli “Ön söz”ün müəllifi Səhər Əhməddir. 

Kitabda toplanmış yazıların birincisi ilə axırıncısı arasında əlli illik bir məsafə olduğunu söyləyən müəllif bunu həm də özünün ədəbi yaradıcılığının tarixi kimi dəyərləndirir. “Bu kitaba yalnız toplaya bildiyim, əslini qoruyub-saxladığım yazılarım, dilimiz, tariximiz, cəmiyyətimizin mənəvi mənzərəsi haqqında düşüncələrim daxildir”, - deyir Xalq şairi.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!