Cəlil Məmmədquluzadənin nəslinin davamçıları ilk dəfə Azərbaycana gəlirlər

 

Məlum olduğu kimi, Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli uzun illərdir ki, böyük Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin zəngin və çoxcəhətli irsini, həyatı, mühiti və müasirlərini tədqiq edib öyrənmək, əsərlərini dünya dillərinə tərcümə etdirərək kitab halında nəşr etdirmək sahəsində ardıcıl olaraq iş aparmaqdadır. İsa müəllim eyni zamanda, həm də Cəlil Məmmədquluzadənin nəsil şəcərəsini araşdırıb müəyyənləşdirmək işi ilə də məşğuldur. O, hələ sovet hakimiyyəti illərində “Vətən” Cəmiyyəti xətti ilə Cəlil Məmmədquluzadənin xarici ölkələrdə yaşayıb-yaratmış nəslinin davamçılarını axtarmış və Azərbaycan ədəbiyyatının və ictimai fikrinin inkişafında böyük xidmətləri olmuş bu ziyalı nəslinin dünyanın ayrı-ayrı ölkələrində yaşayan nümayəndələrini tapıb müəyyənləşdirmişdir.

Akademik İsa Həbibbəyli ilk dəfə 25 yanvar 1992-ci ildə Cəlil Məmmədquluzadənin 1941-ci ildə ölkədən çıxmış oğlu Ənvər Məmmədquluzadənin (1911-1979) övladları Midhət Cavanşiri və İren Cavaşiri ilə Tehran şəhərində görüşmüş və onlarla əlaqələr yaratmışdır. Sonra o, 1998-ci ildə Fransanın paytaxtı Paris şəhərində Ənvər Məmmədquluzadənin Azərbaycan Tibb Universitetinin məzunu Məhin Dadipurla nikahından olan qızı Mehri xanım Səqqətçiya ilə də görüşmək imkanı əldə etmiş, onunla da əlaqə qurmuşdur.

Məmmədquluzadələr şəcərəsi ilə əlaqələrini davam etdirən akademik İsa Həbibbəyli böyük demokrat ədibin Polşada yaşayan nəvə-nəticələrinin də ünvanını əldə edərək, onlarla əlaqə yaratmaq üçün iş aparmışdır.

Akademik İsa Həbibbəylinin yazdığı “Cəlil Məmmədquluzadənin nəsil şəcərəsi” Azərbaycan elmində yazıçıların nəsil ağacından bəhs edən ilk tədqiqatlardan biridir.

Görkəmli Azərbaycan yazıçısı və ictimai xadim Cəlil Məmmədquluzadənin nəticəsi Martin Cavanşiri və oğlu Pşemislav Cavanşiri akademik İsa Həbibbəyli tərəfindən ölkəmizə dəvət olunmuşlar. Cəlil Məmmədquluzadə şəcərəsinin nümayəndələri yaxın vaxtlarda 68 ildən sonra ilk dəfə doğma Vətəndə olacaqlar. Onlar Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasının və AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə ölkəmizdə Cəlil Məmmədquluzadəyə həsr edilmiş elmi-mədəni tədbirlərə qatılacaq, yazıçının ev muzeyini və Fəxri xiyabandakı məzarını ziyarət edəcək, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun kollektivi ilə görüşəcəklər.