"Vətən mövzulu şeirlər" antologiyası Türkiyədə işıq üzü görüb

 

Edebiyyatqazeti.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyi və İLESAMın layihəsi əsasında 50 Azərbaycan, 50 Türkiyə şairinin “Vətən mövzulu şeirlər” adlı antologiyası Türkiyədə işıq üzü görüb. Kitabda 100 şeirin ingilis dilində tərcüməsi də yer alıb.

Ötən gün antologiyanın Ankarada TÜRKSOYun mərkəzi ofisində təqdimat mərasimi keçirilib.

Tədbirdə TÜRKSOY baş katibinin müavini Bilal Çakıcı, Azərbaycan Mədəniyyət Nazirliyinin qurumdakı nümayəndəsi Elçin Qafarlı, İLESAM-ın başqanı Mehmet Nuri Parmaksız, qurumun Azərbaycandakı nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza, Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstandan olan şairlər, mədəniyyət nümayəndələri iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən Mehmet Nuri Parmaksız kitabların əhəmiyyətindən bəhs edərək, millətlərin və insanların həyatında önəmli dəyəri olan vətən, bayraq, müstəqillik, din, dil, mədəniyyət və s. anlayışların olduğunu bildirib.  “Vətən olmadan digər dəyərlərin mənası da olmaz. Bu baxımdan "Vətən mövzulu şeirlər antologiyası” dili, dini, mədəniyyəti və düşüncəsi bir olan Türkiyə və Azərbaycanın - iki qardaş ölkənin dostluğunu və qardaşlığını daha da möhkəmləndirən bir kitabdır. Şeirlər yaşadıqca qardaşlığımızın davam edəcəyi də şübhəsizdir” söyləyib.

Azərbaycanın Türkiyədəki səfirliyinin müşaviri Elçin Allahverdiyev çıxışında tədbirin əhəmiyyətinə toxundu və bildirdi ki, insan həyatında ən önəmli məqamlardan biri də kitab oxumaqdır. Bu layihənin ərsəyə gəlməsinə görə TÜRKSOY və İLESAM-a təşəkkürünü bildirib.

Xəyal Rza öncə tədbir iştirakçılarını AYB sədri, Xalq yazıçısı Anarın adından salamlayaraq  AYB ilə İLESAM arasında işbirliyinin gündən günə inkişaf etdiyini diqqətə çatdırıb. Bildirib ki, İLESAM artıq yalnız Türkiyənin deyil, türk dünyasının sənət birliyini ifadə edir: “Qarşıda önəmli layihələrimizi həyata keçirəcəyik. Bu layihələrdən biri də “Vətən mövzulu şeirlər antologiyası”nın eynisini Azərbaycanda nəşr etməkdir.

Tədbirin bədii hissəsində türkiyəli aşıq Səlahəddin Dündarın ifasında saz havaları səsləndirib. Sonra iştirakçılara kitablar təqdim olunub.

Qeyd edək ki, antologiyada yer alan mətnləri ingilis dilinə yazıçı, tərcüməçi Kamran Nəzirli çevirib.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!