"650 illik dəyərimiz-İmadəddin Nəsimi" adlı tədbir keçirilib

 

Edebiyyatqazeti.az xəbər verir ki, "650 illik dəyərimiz-İmadəddin Nəsimi" adlı böyük Azərbaycan şairi, mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş musiqili ədəbi tədbir keçirilib.

Tədbir Ruhulla Axundov adına Mədəniyyət Evi və Azərbaycan Yazıçılar Birliyinin Xəzər Böbəsinin birgə təşkilatçılığı ilə 1 noyabr tarixdə Mərdəkan Mədəniyyət Sarayında keçirilmişdir.

Tədbirdə Xəzər RİH Başçısı Elşən Salahov, Millət vəkilləri Rauf Əliyev və akademik Ziyad Səmədzadə, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov, xalq artisti - Rasim Balayev, Yazıçılar Birliyinin Xəzər Bölməsinin sədri Arif Buzovnalı, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, Yazıçılar Birliyinin Cənub bölməsinin müdiri Sayman Aruz, Xəzər RİH Başçısının müavinləri və Aparatın əməkdaşları, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

İştirakçıları öncə rayon məktəblilərinin İmadəddin Nəsimi yaradıcılığına həsr etdikləri əl işlərindən ibarət sərgi ilə tanış olmuşlar. Sonra Yazıçılar Birliyinin Xəzər Bölməsinin sədri Arif Buzovnalı tədbiri açaraq, Nəsimi dövrü, hürufilik, Nəsimi fəlsəfəsinin məğzi barədə tədbir iştirakçılarına məlumat vermişdir.

Tədbirin qonaqları olan Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi və AYB-nin Cənubi Azərbaycan Şöbəsinin müdiri Sayman Aruz Nəsimi poetikasi və Nəsiminin irfani görüşləri ətrafında çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2019-cu ilin “Nəsimi ili” elan edilməsinin Nəsimi yaradıcılığına, onun irsinə töhfə olmaqla yanaşı, bütövlükdə Azərbaycan ədəbiyyatına, mədəniyyətinə verilən dəyər kimi yüksək qiymətləndiriblər.

Nəsimi dühasına həsr olunan bədii gecədə xanəndə Məmməd Nəcəfov və Zeynəb Nəcəfova böyük şairin qəzəllərindən ibarət muğamlar ifa etmişlər. Tədbirdə həmçinin, Azərbaycan Yazıçılar Birliyinin Xəzər Bölməsinin gənc şairləri Saleh Səbat "Nəsimiyə təxmis", Nicat Nəsri isə "Nəsimiyə təzmin" şeirləri ilə çıxış etmişlər. Tədbirin sonunda Xəzər RİH Başçısı Elşən Salahov, Millət vəkilləri Rauf Əliyev və Ziyad Səmədzadə tərəfindən qonaqlara Xəzər RİH Başçısının Fəxri Fərmanları təqdim olunmuşdur.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!