Kamil Adışirinovun “Yaqub Mahirin poetik irsi” adlı yeni irihəcmili monoqrafiyası işıq üzü görüb

 

Edebiyyatqazeti.az xəbər verir ki, AMEA–nın Şəki Regional Elmi Mərkəzinin “Folklorşünaslıq və el sənətləri” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Kamil Adışirinovun uzun illərin tədqiqatının nəticəsi olan “Yaqub Mahirin poetik irsi” adlı yeni irihəcmili monoqrafiyası işıq üzü görüb.

Monoqrafiya “Elm və təhsil” nəşriyyatında nəşr olunub, əsərin elmi redaktoru AMEA – nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı filologiya üzrə elmlər doktoru Baba Babayevdir.

Kitaba Lənkəran Dövlət Universitetinin professoru, filologiya üzrə elmlər doktoru Yədulla Ağazadə, ADPU-nun Şəki filialının professoru, pedaqogika üzrə elmlər doktoru Firədun İbrahimov və ADPU-nun Şəki filialının dosenti, filologiya üzrə fəlsəfə doktoru Gülarə Abdullayeva rəy veriblər.

Monoqrafiyada XX əsrdə və XXI əsrin ilk onilliklərində Şəkidə yaşayıb-yaratmış, uzun illər “Səhuhi” ədəbi məclisinin üzvü olmuş, satiralarında M.Ə. Sabir, lirik-aşiqanə qəzəllərində Əliağa Vahid, gəraylı və qoşmalarında zəngin aşıq şeiri ənənələrini davam etdirmiş istedadlı el şairi Yaqub Mahirin poetik irsi-mühiti, dövrü, həyat və yaradıcılığı yer alıb.

Müəllif şairin maraqlı və məşəqqətli ömür yolunu, cəmiyyətə satirik baxışlarının məcmusu olan satiralarını, poetik irsinin ayrı-ayrı mövzularını, əsərlərində xalq ədəbiyyatından istifadə imkanlarını və yaradıcılığının sənətkarlıq qüdrətini ilk dəfə geniş şəkildə təhlilə cəlb edib.