“İmadəddin Nəsimi – 40 qəzəl” adlı kitab işıq üzü gördü

 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyəsilə “Kitab Evi” İctimai Birliyinin “İmadəddin Nəsiminin farsca şeirlərinin Azərbaycan dilinə tərcüməsi və nəşri” adlı layihəsi əsasında “İmadəddin Nəsimi – 40 qəzəl” adlı kitab nəşr olundu.
Kitabın tərtibçisi, filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzərova, bədii redaktor və ön sözün müəllifi tarix elmləri doktoru, professor Şahin Fazil (Fərzəliyev), qəzəlləri toplayan BAU-nin filologiya fakültəsinin tələbəsi, şair Ümid Nəccari, fars dilindən bədii və sətri tərcümə edən ədəbi tənqidçi, şair, tərcüməçi Dalğa Xatınoğlu, üz qapağındakı şəklin müəllifi şair, rəssam Sehran Allahverdidir.
Kitab “Qanun Nəşriyyatı”nda 250 tirajla nəşr olunub.

Şeirləri Azərbaycan dilinə bədii tərcümə edən şair, tərcüməçi Dalğa Xatınoğlu vurğulayır ki, qəzəllərin tərcüməsində əsas diqqətini çağdaş dil çərçivəsində axıcı və oynaq bəhrlərdən yararlanmağa, vəznləri ərəb-fars dillərindəki kimi  deyil, türk dilinin öz özəllikləri üzərində qurmağa, estetika və bədii-texniki elementlərə daha çox önəm verməyə, şeirləri yenidən yaratmağa yönəltmişdi. “Şeirləri tərcümə etdikcə əsas məqsəd qəzəllərdə məfhum, abu-hava, Nəsiminin dünyagörüşü və özünə xas məktəbi təhrif etməmək idi. Tərcümədə istər-istəməz gözəllik və məfhum itə bilir, çünki sözlərin özündən artıq məna yükü daşıması estetika məsələsidir. Ən dərin həqiqət, əslində gözəlliyin özüdür. Buna görə də şeiri yenidən yaratmaq qaçılmazdır. Nəsimi başqa şairlərdən (Nizami, Hafiz Şirazi, Mövlana, Xəyyam, Şekspir, Dante və s) fərqli olaraq Platon və Aristotel məktəbinin deyil, daha çox Pifaqorun məktəbi ilə yaxındır, elə bu xüsus da onu digər şairlərdən fərqləndirir. Tərcümə zamanı buna xüsusi diqqət ayırmışam və bu məsələyə ayrıca bir analitik məqalə də həsr etmişəm. Fars şeir üslubu türk şeir üslubundan müəyyən məqamlara görə fərqlənir. Tərcümə boyu bu özəllikləri qorumağa və çatdırmağa çalışmışam”.

Qeyd edək ki, layihənin rəhbəri Adilə Nəzərovadır.