“Akademik Məmmədağa Şirəliyev və Azərbaycan dilçiliyi” mövzusunda elmi sessiya keçirilib

 

Oktyabrın 25-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə “Akademik Məmmədağa Şirəliyev və Azərbaycan dilçiliyi” mövzusunda elmi sessiya keçirilib.

Tədbirdə çıxış edən Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu elmi sessiyanın ölkə başçısının “Akademik Məmmədağa Şirəliyevin 110 illiyinin qeyd edilməsi haqqında” müvafiq Sərəncamına əsasən təşkil edildiyini söyləyib. Bildirib ki, bu Sərəncam Azərbaycan dilçilik elminin inkişafında müstəsna xidmətləri olan alimin fəaliyyətinin təbliği baxımından böyük əhəmiyyətə malikdir.

Möhsün Nağısoylu görkəmli dilçi alimin çoxşaxəli elmi yaradıcılığından söz açıb. Bildirib ki, Azərbaycanda dilçilik üzrə ilk akademik Məmmədağa Şirəliyev olub. O, dilçilik arenasında daha çox dialektoloq kimi tanınıb və bu sahə ona dünya şöhrəti qazandırıb.

“Akademik Məmmədağa Şirəliyev ölkəmizdə dialektologiya elminin, türkologiyanın inkişafında, Azərbaycan dilçilik elminin formalaşmasında, türk dünyasında Azərbaycan elmi-mədəni təfəkkürünün tanıdılmasında və bu sahədə elmi kadrların hazırlanmasında xüsusi xidmətləri olub”, – deyə Möhsün Nağısoylu bildirib. O, Məmmədağa Şirəliyevin dilçilik elmi sahəsində elmi məktəb yaratdığını, hazırda alimin yetirmələrinin Azərbaycan elminin aparıcı simaları kimi uğurla fəaliyyət göstərdiyini söyləyib.

Qeyd edilib ki, elmi irsi dilçiliyimiz üçün dəyərli olan Məmmədağa Şirəliyev Azərbaycan filoloji elmində dilçilik coğrafiyasının banisidir. Onun rəhbərliyi ilə 128 xəritədən ibarət “Azərbaycan dilinin dialektoloji atlası”ı tərtib edilib. Məmmədağa Şirəliyev 1941-ci ildə “Bakı dialekti” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsini alıb. O, elmi fəaliyyəti ilə yanaşı, təhsil sahəsində də əvəzsiz işlər görüb. Görkəmli alim müxtəlif illərdə ali məktəblərdə yüksək vəzifələr tutsa da, ömrünün 50 ildən çoxunu dilçiliyin nəzəri və tətbiqi problemlərinin araşdırmasına həsr edib. Onun fundamental “Azərbaycan dialektologiyanın əsasları” əsəri Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülüb. Yüksəkixtisaslı dilçi kadrların, xüsusilə dialektoloqların hazırlanmasında da görkəmli alimin böyük xidmətləri olub. Onun rəhbərliyi altında 40-dan çox elmlər namizədi, onlarla elmlər doktoru hazırlanıb.

Tədbirdə professor İsmayıl Məmmədlinin “Azərbaycan dilçiliyində Məmmədağa Şirəliyev mərhələsi”, professor Məhərrəm Məmmədovun “Məmmədağa Şirəliyev və Azərbaycan dialektologiyasının aktual problemləri” və dosent Kifayət İmanquliyevanın “Məmmədağa Şirəliyevin məktəbi coğrafi dilçilikdə” mövzularında məruzələri dinlənilib.

Bildirilib ki, akademik Məmmədağa Şirəliyev mühüm elmi əhəmiyyətə malik sanballı tədqiqatları ilə Azərbaycan dilçiliyini zənginləşdirib, onun bir çox istiqamətlərinin müəyyənləşməsi və formalaşmasında təqdirəlayiq xidmətlər göstərib. Alimin dilçiliyin aktual problemlərinin öyrənilməsində, xüsusən Azərbaycan dialektologiyasının əsaslarının yaradılmasında və türkoloji dilçilik sahəsində ardıcıl nailiyyətlər qazanılmasında müstəsna rolu var. Azərbaycan dilinin ilk dialektoloji atlası və lüğətlərinin tərtibi Məmmədağa Şirəliyevin adı ilə bağlıdır. O, respublikada və onun hüdudlarından kənarda filoloqların yeni nəslinin müasir elmi-nəzəri biliklərə dərindən yiyələnməsi üçün var qüvvəsini əsirgəməyərək uzun illər ali təhsil ocaqlarında dilçilik kursu üzrə mühazirələr oxuyub, həmçinin yüksəkixtisaslı dilçi kadrların hazırlanması işinə böyük əmək sərf edib. Məmmədağa Şirəliyev, eyni zamanda, mövcud elmi potensialdan daim ölkənin və xalqın mənafelərinə uyğun səmərəli istifadə olunmasına çalışan bacarıqlı elm təşkilatçısı kimi tanınırdı.

Tədbirdə professorlar Qəzənfər Paşayev, Sevil Mehdiyeva və digər çıxış edənlər alimin dil tarixi ilə bağlı tədqiqatlarının Azərbaycan elminin ən qiymətli nümunələri olduğunu bildiriblər.

Sonda alimin ailəsi adından bacısı qızı Sevda Əlizadə çıxış edərək tədbirin iştirakçılarına minnətdarlığını bildirib.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!