Suraxanıda Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

 

Edebiyyatqazeti.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Suraxanı Rayon İcra Hakimiyyəti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Suraxanı rayon Heydər Əliyev Mərkəzi və YAP Suraxanı Rayon Mərkəzinin birgə təşkilatçılığı ilə görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Suraxanı rayonunda ucaldılmış abidəsi önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.

Suraxanı rayon İcra Hakimiyyətinin akt zalında təşkil edilən tədbiri giriş sözü ilə Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov açaraq bildirib ki, bildiyimiz kimi, Nəsiminin 650 illik yubileyi münasibəti ilə ölkəmizin rəhbəri cənab Prezident İlham Əliyev bu ili “Nəsimi ili” elan edib. Diqqətə çatdırılıb ki, məhz bu Sərəncamın işığında həm respublikamızda, həm də xaricdə şairin yubileyi münasibətilə silsilə tədbirlər keçirilir.

İcra başçısı Suraxanı nefti ilə çəkilmiş rəsm əsərlərini həm akademik İsa Həbibbəyliyə, həm də professor Ceyran Mahmudovaya təqdim edib.

Sonra Milli Məclisin deputatı, AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli çıxış edərək xatırladıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 yanvar 2019-cu il tarixli Sərəncamı ilə 2019-cu il bütövlükdə “Nəsimi ili” elan edilib. Bununla əlaqədar olaraq Ədəbiyyat İnstitutunda on bir kitabın nəşri nəzərdə tutulduğunu və onlardan bir neçəsinin artıq işıq üzü gördüyünü qeyd edib. Əlavə edib ki, Ədəbiyyat İnstitutunun kollektivi  Şamaxıda təşkil edilən elmi sesiyada məruzələrlə çıxış edib. Həmçinin azərbaycanlı alimlərin Serbiya, Qazaxıstan, Özbəkistan, Tacikistan, Bolqarıstan və digər ölkələrdə şairə həsr olunmuş tədbirlərdə iştirak etdiklərini diqqətə çatdırıb.

Tədbirdə İsa Həbibbəyli Ədəbiyyat İnstitutunun Nəsimi yaradıcılığı ilə bağlı nəşrlərini Suraxanı Rayon İcra Hakimiyyətinə hədiyyə edib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova isə rəhbərlik etdiyi ali təhsil müəssisəsində “Nəsimi ili” çərçivəsində həyata keçirilən tədbirlər haqqında məlumat verib. Bildirib ki, bu il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tərəfindən mütəfəkkir şair İmadəddin Nəsimiyə ithaf olunan “Hüsnü-cəmal, əqli kamal” adlı bədii qiraət müsabiqəsi keçirilib. Bundan əlavə, universitet tərəfindən şairin qəzəlləri əsasında muğamlardan ibarət kompozisiya hazırlanıb. Bu gün nümayiş olunacaq kompozisiyanın xalq artisti Teyyub Aslanov tərəfindən hazırlandığını diqqətə çatdırıb.

Sonra AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Fəridə Əzizova “İmadəddin Nəsiminin həyatı və mühiti”, Erkən yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Mahirə Quliyeva “Nəsiminin sənətkarlıq dünyası” və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı “Azərbaycan ədəbiyyatında Nəsimi mövzusu” adlı məruzələrlə çıxış ediblər.

Tədbir “Nəsimi” filmindən fraqmentlər və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbə heyətinin təqdimatında bədii hissə ilə davam edib. Nəsiminin şeirləri səsləndirilib və muğam ifaçıları qəzəllərini oxuyublar.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!