“Yeni zaman Azərbaycan şeiri antologiyası” təqdim edilib

 

Edebiyyatqazeti.az xəbər verir ki, Qazaxstanda nəşr edilmiş “Yeni zaman Azərbaycan şeiri antologiyası” kitabının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə açan  DGTYB sədr müavini Ruslan Dostəli qonaqları Bakıda salamlamaqdan məmnun olduğunu bildirib. Özünün də Qazaxıstanda təhsil alıb Bakıya qayıtdığını xatırladan gənc yazar Qazaxıstan ədəbi mühiti ilə əlaqələrin vacibliyinə toxunub.

Daha sonra Atatürk Mərkəzinin şöbə müdiri, kitabın həmtərtibçisi Əkbər Qoşalı Azərbaycan-Qazaxıstan ədəbi əlaqələrinin uğurla inkişafına toxunub və iki qardaş xalq arasında ədəbi əməkdaşlığın inkişafına DGTYB-nin də töhfələr verdiyini xatırladıb. O, həmçinin  bu qurumun əsasının məhz  Qazaxıstanın Türküstan şəhərində Əhməd Yasəvi adına Universitetdə qoyulduğunu xatırladıb və həmin gündən etibarən türk xalqları arasında istedadlı gənc yazarların imzalarının tanıdılması, müxtəlif topluların hazırlanması istiqamətində işlər görüldüyünü vurğulayıb.  Qazaxıstanda çap edilmiş “Yeni zaman Azərbaycan şeiri antologiyası”nın bu ədəbi əlaqələrə töhfə olduğunu vurğulayan Əkbər Qoşalı bir neçə il öncə Qazax şairlərinin də şeirlərindən ibarət toplunun Bakıda işıq üzü gördüyünü xatırlatdı və bu cür qarşılıqlı əlaqələri yüksək qiymətləndirdi.

Daha sonra Qazaxıstan Yazıçılar Birliyininin Nursultan şəhər bölməsinin başqanı Dövlətkerek Kapoğlu çıxış edərək Qazaxıstan və Azərbaycan Türklərinin ortaq tarixi, ədəbi , mədəni irsinin mövcud olduğunu, bu cür tədbirlərin  bu qardaşlıq tellərini daha da möhkəmləndirdiyini vurğuladı. Qeyd etdi ki, “Koroğlu”, “Dədə Qorqud” kimi bizim ortaq ədəbi abidələrimiz fəxrimizdir. Onun sözlərinə görə, yeni nəşr edilmiş topluda Azərbaycanın parlaq imzalarının şeirləri qazax türkcəsində yer alıb və bu kitab Azərbaycanın çağdaş ədəbi nümunələrini, qazax oxucusuna çatdırılması üçün mühüm əhəmiyyət daşıyır. AYB ilə də yaxşı əlaqələrin olduğunu bildirilib. Qazaxıstanının "Foliant" nəşriyyatının direktoru Nurlan İsabekov da öz növbəsində Bakıda keçirilən kitab sərgisi yarmarkasında kitaba olan marağın yüksək olduğunu vurğulayıb və əlaqələrin davamlı olmasına inandığını qeyd edib.

Nizami Adına Ədəbiyyat İnstitutunun “Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr” şöbəsinin müdiri, professor Almaz Ülvi türk xalqları ədəbiyyatının özəllikləri, bu günə kimi keçdiyi yola nəzər saldı. Qeyd etdi ki, SSRİ-nin süqutundan sonra türk xalqları ədəbiyatının öyrənilməsində də yeni bir səhifə açıldı, bu gün Azərbaycan ədəbi ictimaiyyətinə təqdim edilən bu kitab olduqca əhəmiyyətlidir.

DGTYB sədri İntiqam Yaşar  kitabda  bir sıra parlaq imzaların içərisində gənc şairlərin əsərlərinin də olduğunu vurğuladı və bu təşəbbüsə görə təşəkkür etdi.

Daha sonra Əli Kərim adına Poeziya Evinin direktoru şair İbrahim İlyaslı, AYB üzvü, şair Həyat Şəmi, şair Namiq Hacıheydərli, alim Təranə Turan Rəhimli, şair İlqar Türkoğlu, Əməkdar incəsənət xadimi Elçin  Hüseynbəyli, şair Habil Rzanur, rejissor Nicat Qərib,folklorşunas alim Əli Şamil və digərləri  türkdilli ölkələrin şair və yazıçıları arasında bu cür təqdimatların və birgə layihələrin həyata keçirməsini yüksək qiymətləndirib və vurğulayıblar ki, bütün bu atılan addımlar münasibətlərin möhkəmlənməsində böyük rol oynayır.