"LiFFt-2019” IV Avrasiya ədəbi festivallar festivalının Azərbaycan üzrə laureatlarına sertifikatlar təqdim olundu

 

Edebiyyatqazeti.az xəbər verir ki, oktyabrın 1-də Heydər Əliyev Mərkəzində "LiFFt-2019” IV Avrasiya ədəbi festivallar festivalının təntənəli açılış mərasimi keçirilib. "Avrasiya Xalqları Assambleyası” beynəlxalq qeyri-hökumət təşkilatları ittifaqının dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Avrasiya xalqlarının "LiFFt” Mədəni Layihələrinin İnkişafına Dəstək Fondu və Heydər Əliyev Fondudur.

Genişmiqyaslı maarifçilik layihəsi olan "LiFFt” Avrasiya mədəni məkanının tamhüquqlu tərkib hissəsinə çevrilib. Avrasiya ədəbi festivallarını birləşdirən "LiFFt” 2016-cı ildən etibarən hər il keçirilir.

Builki festival 2019-cu ilin BMT tərəfindən elan edilmiş Yerli Xalqların Dilləri İli Proqramına və böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyinə həsr edilib.

Festivalın məqsədi Avrasiya ölkələrində yazıçıların və oxucuların yaradıcılıq və dostluq əlaqələrini möhkəmlətmək, vahid Avrasiya ədəbi məkanı yaratmaqdır.

Festivalın əsas vəzifələrinə aşağıda sadalanan məsələlər aiddir: Avrasiya ölkələrində festival hərəkatının birləşdirilməsi, Avrasiya xalqlarının mədəniyyətlərinin qarşılıqlı zənginləşməsinə kömək, peşəkar ünsiyyət imkanlarının genişləndirilməsi, ədəbi forumlar və festivallar təşkili sahəsində təcrübə mübadiləsi, ictimaiyyətin geniş dairələrinin, oxucuların qitənin mədəni həyatında iştiraka cəlb edilməsi, mütaliənin və ədəbi yaradıcılığın təbliği, oxucu mədəniyyətinin formalaşması, bütün xalqlar üçün ortaq mənəvi-əxlaqi dəyərlərin bərqərar olması yolu ilə yazıçıların və oxucuların qarşılıqlı zənginləşməsi.

Festivalda Avrasiya ölkələrindən olan yazıçılar, şairlər, dramaturqlar, ədəbiyyat tənqidçiləri, mədəniyyət xadimləri iştirak edirlər.

"LiFFt-2019” IV Avrasiya ədəbi festivallar festivalının açılış mərasimində Azərbaycanın Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev çıxış edib. O, dünyanın müxtəlif ölkələrindən festivala gəlmiş çoxsaylı qonaqları salamlayara, bu payız Azərbaycan üçün sözün həqiqi mənasında ədəbi payız olub, söyləyib. Qeyd edib ki, "Bu, ilk növbədə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyi ilə bağlıdır. Bu yubiley dövlət səviyyəsində genişmiqyaslı silsilə tədbirlərlə qeyd edilir. Sevindirici haldır ki, "LiFFt-2019” IV Avrasiya ədəbi festivallar festivalı Bakıda keçirilir. Festivalın işinə və iştirakçılarına uğurlar arzu edirəm”.

Sonra "LiFFt” Avrasiya Xalqlarının Mədəni Layihələrinin İnkişafına Dəstək Fondunun direktoru, "Şairin və rəssamın kitabı” layihəsinin müəllifi rəssam Anvar Almuxametov çıxış edib. O, festivalın təşkilatçılarına, xüsusən Heydər Əliyev Fonduna və "Avrasiya Xalqları Assambleyası” beynəlxalq qeyri-hökumət təşkilatları ittifaqına təşəkkürünü bildirib.

Sonra Festivalın Təşkilat Komitəsinin sədri, "Avrasiya xalqları assambleyası” baş katibinin birinci müavini, Baş Katibliyin rəhbəri Svetlana Smirnova, "LiFFt-2019” IV Avrasiya ədəbi festivallar festivalının prezidenti və səfiri Marqarita Al, festivalın laureatları – rusiyalı şair, fəlsəfə elmləri doktoru, filosof və ədəbiyyat tənqidçisi, "metametafora” termininin və metakodun fəlsəfi nəzəriyyəsinin müəllifi Konstantin Kedrov-Çelişev, qazax şairi, yazıçı və ədəbiyyatşünas, Qazaxıstanın Əmək Qəhrəmanı, Qazaxıstan SSR Xalq yazıçısı, Qazaxıstanın ictimai-siyasi xadimi, diplomat Oljas Süleymenov, Azərbaycan yazıçısı, Azərbaycanın "Qızıl kəlmə” ədəbi mükafatı laureatı, yazıçıların Nyu-York Beynəlxalq Konqresinin iştirakçısı Varis Yolçuyev çıxış edərək Festivalın möhtəşəmliyini, ədəbiyyata xidmət missiyası haqqında fikirlərini dilə gətiriblər.Təntənəli açılış mərasiminin sonunda festivalın bayrağı səhnəyə gətirilərək Azərbaycan nümayəndəsi, yazıçı Varis Yolçuyevə təqdim edilib. Festivalın himni səslənib.

Festivalın birinci günü öz işini "Müasir dünya ədəbiyyatının qlobal trendləri – gələcək dünya obrazının və gələcəyin adamlarının obrazlarının proqramlaşdırılması və modelləşdirilməsi” (moderator-Riçard Berenqarten (Böyük Britaniya)), "Müasir poeziya ədəbiyyatın avanqardında gələcək adamının və sosiumun obrazlarını proqramlaşdırır” (moderator – Toğrul Tanyol (Türkiyə)), "Müasir qlobal dünyada ədəbi tərcümənin insanların qarşılıqlı anlaşmasında və gələcək dünyanın formalaşmasında artan əhəmiyyəti” (moderator – Sergey Dmitriyenko (Rusiya)) mövzularında plenar iclaslarla davam edib.

Tədbirin davamında festivalın prezidenti Marqarita Al müsabiqəyə Azərbaycan tərəfindən qatılan minə yaxın müəllif arasından seçilən 30 laureatı təqdim edib. Yazıçı Varis Yolçuyev sertifikatları müəlliflərə təqdim edib. Laureatlar arasında Azərbaycan ədəbi məkanında tanınan imzalar da var. Bunlar Əjdər Ol, Azər Qismət, Əyyub Qiyas, Əkbər Qoşalı, Günel Eyvazlı, Nargis, Fərid Hüseyn, Xəyal Rza, İntiqam Yaşar, İbrahim İlyaslı, Qəşəm Nəcəfzadə, Aləm Kəngərli, Ülviyyə Heydərova, Yaşar Əhmədov, Mübariz Örən, Ümid Nəccari, Sahib Məmmədov, Sadiq Qarayev  və başqalarıdır.

Festival işinə 3 oktyabr tarixində yekun vuracaq.

Qeyd edək ki, "LiFFt-2019” IV Avrasiya ədəbi festivallar festivalının azərbaycanlı spikerləri Azərbaycanın Xalq yazıçıları Anar, Elçin Əfəndiyev, Kamal Abdulla, Çingiz Abdullayev, Afaq Məsud, Elmira Axundova, Xalq şairi Ramiz Rövşən, akademik Nizami Cəfərov, Azərbaycanın xalq artisti Ramiz Fətəliyev və başqalarıdır.

"LiFFt-2019” IV Avrasiya ədəbi festivallar festivalının beynəlxalq spikerləri Oljas Süleymenov (Qazaxıstan), Konstantin Kedrov-Çelişev (Rusiya), şair, nasir, tərcüməçi, Olştın Universitetinin professoru, mədəniyyət sahəsində hər il təqdim edilən marşal Varmiya və Mazur mükafatının laureata Kşiştov Şatravski (Polşa), yazıçı və dramaturq, İsrailin Baş Naziri Binyamin Netanyahunun kiçik qardaşı İdo Netanyahu (İsrail), əsərləri dünya xalqlarının 40 dilinə tərcümə edilmiş satirik yazıçı, şair, publisist, tərcüməçi, Başqırdıstanın və Rusiya Federasiyasının Əməkdar mədəniyyət işçisi Marsel Səlimov (Rusiya) və başqalarıdır.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!