“Məndə sığar iki cahan. Azərbaycanın ölməz şairi İmadəddin Nəsimi” kitabının təqdimatı olub

Sentyabrın 28-də Şirvanşahlar Sarayında Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Nəsimi-şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində almaniyalı mühazirəçi Mixael Hessin “Məndə sığar iki cahan. Azərbaycanın ölməz şairi İmadəddin Nəsimi” kitabının təqdimatı olub.

Kitab ilk dəfə olaraq İmadəddin Nəsiminin həyatı haqqında tədqiqata incəsənət nöqteyi-nəzərindən yanaşmaqla, onun qlobal oxucu tərəfindən asan qavranılması imkanı yaradır.

Tədbirdə çıxış edənlər mütəfəkkir şairin irsinin araşdırılmasının davam etdirilməsini mədəni-mənəvi dəyərlərin öyrənilməsi baxımından yüksək qiymətləndiriblər. Qeyd olunub ki, monoqrafiya Nəsimi irsinə həm beynəlxalq alimlərin, həm də daha geniş auditoriyanın diqqətinin cəlb olunmasında böyük rol oynayacaq. 260 səhifəlik kitab Almaniyanın “Gulandot” nəşriyyatında işıq üzü görüb.

Bildirilib ki, kitab İmadəddin Nəsiminin həyatına misilsiz metodoloji yanaşmanı və onun işlərinin şərhini təqdim edir. Bununla yanaşı, nəşrdə çoxlu sayda elmi tezislər və nəticələr də yer alıb.

Qeyd edək ki, sözügedən kitab BP şirkətinin dəstəyi ilə nəşr olunub.

Kitabın təqdimatında çıxış edən BP-nin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, BP ölkənin zəngin mədəni irsinin və milli dəyərlərinin təbliğinə yönəlmiş təşəbbüsləri və fəaliyyətləri həmişə dəstəkləyib. Kitab ilkin olaraq ingilis dilində yazılıb və dərc edilib ki, bu da onu beynəlxalq elmi ictimaiyyət və daha geniş oxucu kütləsi üçün əlçatan edir.

Konsert proqramı ilə davam edən tədbirdə Nəsiminin qəzəllərinə yazılmış musiqilər səsləndirilib.

Türkoloq Mixael Hess orta dövrlər və müasir dövr tarixi, Yunanşünaslıq, İslamşünaslıq və Türkologiya üzrə təhsil alıb. O, 1997-ci ildə türkoloq kimi doktorluq və 2005-ci ildə elmlər namizədi dərəcələrini alıb, o vaxtdan etibarən mühazirəçi kimi fəaliyyət göstərir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!