Orta əsrlər dilçisi Cəmaləddin Məhəmməd əl-Ərdəbilinin yaradıcılığı haqqında kitab nəşr edilib

 

Edebiyyatqazeti.az xəbər verir ki, orta əsrlərdə yaşayıb-yaratmış azərbaycanlı dilçi Cəmaləddin Məhəmməd əl-Ərdəbilinin “Şərhu-l-unmuzəc fi-n-nəhv” əsəri tədqiq edilərək şərqşünasların ixtiyarına verilib.

Filologiya üzrə fəlsəfə doktoru Heybət Heybətov kitabda orta əsrlər ərəbdilli Azərbaycan məktəbinin ən görkəmli nümayəndələrindən biri Cəmaləddin Məhəmməd ibn Əbdülqani əl-Ərdəbilinin XII əsrin böyük filoloqlarından olan Carullah Zəməxşərinin “əl-Unmuzəc fi-n-nəhv” (Qrammatikaya dair nümunə) əsərinə yazdığı şərhini tədqiq edib. Kitabda, həmçinin Orta Asiya regionunun, xüsusilə də Azərbaycan torpağının yetişdirdiyi alim və mütəxəssislərin ərəb dilinin inkişafındakı rolundan söhbət açılır, həm Zəməxşəri, həm də onun əsərinə şərh yazmış Cəmaləddin əl-Ərdəbili haqqında ətraflı məlumat verilir.

Dərs vəsaitində qrammatik məsələlərin orijinala müvafiq surətdə təqdim edilməsi, filoloji məqamların müasir tələblərə uyğun şəkildə izahı tələbə və mütəxəssislərə əsər haqqında dolğun təsəvvür əldə etmək imkanı verir. Kitabda Cəmaləddin əl-Ərdəbilinin yaşadığı dövrün elmi mühitini lazımi şəkildə dərk etmək üçün onun tarixi şəraitinə, həmçinin ictimai-siyasi durumuna nəzər salınır, əsərə yazılmış digər şərhlərdən, onun müxtəlif kitabxanalarda saxlanılan əlyazma nüsxələrindən, həmçinin paleoqrafik xüsusiyyətlərindən söhbət açılır.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!