Müəllimlərimizə sevgilərlə... "Oyuq" teatr-studiyası yeni mövsümdə ilk tamaşasını təqdim edəcək

 

Edebiyyatqazeti.az-a verilən məlumata görə, mütəmadi olaraq təşkil etdiyi sosial-mədəni aksiyalarla diqqəti cəlb edən A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr-studiyası yeni mövsümün ilk tamaşasını da maraqlı ideyaya həsr edib. Bildiyiniz kimi, 5 oktyabr UNESCO tərəfindən Beynəlxalq Müəllimlər günü kimi qeyd olunur. Elə yaradıcı heyət də açılış tamaşasını bu şərəfli peşə sahiblərinə ithaf edib. “Əziz müəllimlərimizə ehtiramla...” şüarlı nümayiş oktyabrın 3-də (saat 17.00) reallaşacaq. Müəllimlərlə şagirdlər teatrın tamaşa salonunda bir araya gələrək “Qırmızıpapaq” tamaşasını izləyəcəklər. Studiyanın son premyeralarından olan tamaşa fransız şair-tənqidçisi Şarl Perronun məşhur “Qırmızıpapaq” nağılı əsasında səhnələşdirilib. Teatrın baş rejissoru Qurban Məsimov və studiyanın rəhbəri Səidə Haqverdiyevanın səhnələşdirdiyi tamaşanın quruluşçu rejissoru Günay Səttar, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Vüqar Camalzadədir. Səhnə nümunəsində rolları istedadlı “Oyuq”çular Selcan Müseyibova, Arif Əliyev, Murad Əlizadə, Həcər Abdullayeva, Aysu və Uğur Cəbrayılovlar, Nazan Qafarova, Mehriban Hüseynli, İnci Mustafalı, Atilla İbrahimli, İsmayıl Əliyev, Nuray və Aysu Abdullayevalar ifa edirlər. 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!