Rumıniyalı alim Kamal Abdullanın yaradıcılığını dünya ədəbiyyatı kontekstində təhlil edib

 

Edebiyyatqazeti.az xəbər verir ki, Rumıniyanın Yassı Dövlət Universitetinin əməkdaşı, filologiya elmləri doktoru, tanınmış ədəbiyyatşünas alim Lyudmila Bejenarunun “Literaturnıy Azerbaydjan” jurnalında “Kamal Abdullanın yaradıcılığı dünya ədəbiyyatı kontekstində” sərlövhəli məqaləsi dərc olunub.

Akademik, Xalq yazıçısı Kamal Abdullanın çoxşaxəli yaradıcılığından söz açan müəllif müstəqillik dövründən sonrakı ədəbi mənzərəni təsvir edib, müasir ədəbi istiqamətlərin daha çox azərbaycançılıq, multikulturalizm, tolerantlıq üzərində inkişaf etdiyini vurğulayıb. Məqalədə Kamal Abdullanın dünya ədəbiyyatı kontekstində özünəməxsusluğu, fərqliliyi və orijinallığının həm multikultural, həm milli, həm də mifik düşüncəni özündə cəmləşdirdiyi qeyd olunur.

Həmçinin məqalədə Xalq yazıçısının “Kitabi-Dədə Qorqud” dastanına yeni baxış və düşüncə forması gətirməsindən, tarixi, etnoqrafik və mifik məqamların bir sistem kimi qurulmasından danışılır. Rumıniyalı alim akademik Kamal Abdullanın “Kitabi-Dədə Qorqud” milli eposunu insan cəmiyyətini qədim dövrdən başqa bir dövrə, təbiət dünyasından mədəniyyət dünyasına keçirə biləcək “fərqli bir körpü” kimi müəyyənləşdirdiyini xüsusi qeyd edir.

Məqalədə Kamal Abdulla yaradıcılığı yeni Azərbaycan milli ədəbiyyatının, Avropa və Asiyanın, xristianlığın və İslamın, zərdüştiliyin və yəhudiliyin, ərəb, türk, Qafqaz, İran və slavyan dünyalarının qovuşduğu yeni mədəni məkanın, Avropa mədəniyyətləri birliyinin bərabərhüquqlu üzvü kimi başqa milli mədəniyyətlərin nailiyyətləri ilə yaradıcılıq yarışına girərək, öz qüvvələrini beynəlxalq səhnədə sınayan bir mədəniyyətin formalaşmasının vacib elementi kimi göstərilir. Kamal Abdulla milli özünəməxsusluğu dünya ədəbi məkanına daxil edir, bununla da onu mifin yeni anlamı və yeni interpretasiyaları ilə zənginləşdirir.