Akademik Nizami Cəfərovun “Azərbaycan ədəbiyyatı tarixinin etüdləri” kitabı Türkiyədə oxuculara təqdim olunub

 

Edebiyyatqazeti.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin “Azərbaycan Kitabının Dünyada Tanıdılması” layihəsi çərçivəsində akademik Nizami Cəfərovun qələmə aldığı “Azərbaycan ədəbiyyatı tarixinin etüdləri” kitabı Türkiyə türkcəsində çap olunaraq oxuculara təqdim edilib.

Nazirlikdən bildirilib ki, “Zəngin Yayınçılıq” nəşriyyatı tərəfindən 5000 tirajla çap olunan kitab Türkiyədə fəaliyyət göstərən əsas təhsil müəssisələrinin kitabxanalarına hədiyyə olunmaqla yanaşı, türkiyəli oxucular da satış köşklərindən bu kitabı əldə edə biləcəklər. Kitabı Türkiyə türkcəsinə tanınmış yazar Yurtsevən Şən çevirib.

Kitabda Azərbaycan ədəbiyyatı tarixinin əsas dövrləri, böyük şəxsiyyətlərin yaradıcılıq yolu, ideya-estetik təmayüllər işıqlandırılıb. N.Gəncəvinin, Füzulinin, M.P.Vaqifin, Aşıq Ələsgərin, M.Ə.Sabirin, Ə.B.Hüseynzadənin, A.İldırımın, S.Vurğunun, M.Hüseynin, M.Müşviqin, İ.Şıxlının, B.Vahabzadənin, H.Arifin, İ.Muğannanın, N.Həsənzadənin, Anarın, Elçinin, Zəlimxan Yaqubun, Afaq Məsudun və digər görkəmli söz adamlarının yaradıcılığına ayrıca oçerklər həsr edilib. Müəllif çalışıb ki, türkiyəli oxucularda Azərbaycan ədəbiyyatı barədə qədim dövrlərdən bu günə qədər aydın elmi təsəvvür yaransın.

Akademik Nizami Cəfərovun qələmə aldığı “Azərbaycan ədəbiyyatı tarixinin etüdləri” “Azərbaycan Kitabının Dünyada Tanıdılması” layihəsi çərçivəsində Mədəniyyət Nazirliyinin dəstəyi ilə Türkiyədə çap olunan sayca 43-cü kitabdır.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!