Dərbənddə dahi Nizami Gəncəvinin abidəsi ucaldılacaq

 

Rusiyanın Dağıstan Respublikasının Dərbənd şəhərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsi ucaldılacaq.

Abidənin Nizami Gəncəvinin adını daşıyan parkda 2020-ci ildə ucaldılması nəzərdə tutulub. Bu vaxtadək park bütövlükdə yenidən qurulacaq.

Dərbənd şəhərinin Memarlıq və Şəhərsalma İdarəsinin rəisi İsa Maqomedov jurnalistlərə bildirib ki, bürünc abidənin hazırlanmasına artıq bu il başlanacaq.

Bir neçə ay əvvəl Dağıstanda Nizami Gəncəvinin abidəsinin hazırlanması üçün müsabiqə elan edilmişdi. Mahaçqaladan olan heykəltəraş Məhəmmədəli Əliyevin eskizləri müsabiqənin münsiflər heyəti tərəfindən bəyənilmişdi. Eskizlərdə Nizami Gəncəvi əlində qələm və kağızla əks olunub.