“Ədəbi proses - 2018” mövzusunda elmi-yaradıcılıq müşavirəsi keçirilib

 

Edebiyyatqazeti.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılğı ilə AMEA Mərkəzi Elmi Kitabxanasının konfrans zalında “Ədəbi proses - 2018” mövzusunda elmi-yaradıcılıq müşavirəsi keçirilib. Tədbirdə AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, “Ədəbiyyat qəzeti”nin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turan, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs, yazıçılar, ədəbiyyatşünas alimlər, media nümayəndələri və başqaları iştirak ediblər.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq 2014-cü ildən etibarən keçirilən “Ədəbi proses - 2018” mövzusunda elmi-yaradıcılıq müşavirəsinin ictimaiyyətdə əks-səda doğurduğunu qeyd edib. Akademik İsa Həbibbəyli bildirib ki, ötən əsrin 70-ci illərində Ədəbiyyat İnstitutunda akademik Məmməd Cəfər Cəfərovun rəhbərliyi və institutun müasir ədəbi proses şöbəsinin təşəbbüsü ilə 1974-1984-cü illərdə “Ədəbi proses” müşavirələri keçirilib. Müəyyən fasilədən sonra 2014-cü ildən etibarən “Ədəbi proses” tədbirləri daha geniş vüsət almağa başlayıb. Vurğulanıb ki, XXI əsrin “Ədəbi proses” yaradıcılıq müşavirələrində ədəbi növlər üzrə təhlillər daha da dərinləşdirilib, janrlar üzrə monoqrafik təhlillərə yer verilib. Akademik bildirib ki, ədəbi proses hərəkatında tənqid və ədəbiyyatşünaslıq, ədəbiyyat tarixçiliyi, ədəbiyyat nəzəriyyəsi, ədəbi əlaqələr və bədii tərcümə sahələrində təmsil olunan institut əməkdaşları il ərzində yorulmadan çalışıblar. Artıq uşaq ədəbiyyatı da xüsusi araşdırılır, bu ildən etibarən esse, satira tipli əsərlər də tədqiq edilir. Qeyd edilib ki, müstəqillik dövründə konkret olaraq tənqid və ədəbiyyatşünaslıqda keyfiyyət dəyişmələri baxımından yeni dalğa başlanıb. Ədəbiyyat İnstitutunun timsalında təqdim edilən bu yeniləşmə hərəkatı sadəcə akademik elmi düşüncəni əhatə etməklə qalmır, ölkə miqyasında da “görünməz dalğanın” qabarması kimi nəzərə çarpır. İsa Həbibbəyli ədəbi proses müşavirələrinə təkcə Ədəbiyyat İnstitutunun əməkdaşlarının deyil, respublikanın digər elm və ali təhsil müəssisələrindən ədəbiyyatşünasların, mütəxəssislərin də qoşulmasının vacibliyini qeyd edib.

Sonra Ədəbiyyat İnstitutunun əməkdaşlarından 24 nəfər müxtəlif mövzularda məruzələrlə çıxış ediblər. Onlardan filologiya elmləri doktoru Elnarə Akimova “İlin ədəbi mənzərəsi”, AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu “Ədəbi tənqid”, filologiya elmləri doktorları Vaqif Yusifli “Şeir”, Esmira Fuad isə “Poema” mövzularında məruzə ediblər. Ardınca filologiya üzrə fəlsəfə doktorları Nərgiz Cabbarlı “Roman”, Aynur Xəlilova “Povest”, Nərmin Cahangirova “Hekayə”, Maral Yaqubova “Bədii nəsr nəzəriyyə işığında”, Aynur Mustafayeva “Dramaturgiya” filologiya elmləri doktoru  Cavanşir Yusifli “Ədəbi gənclik” sərlövhəli məruzələrini diqqətə çatdırıblar.

Daha sonra filologiya üzrə fəlsəfə doktorları Pərvanə Məmmədli “Cənubi Azərbaycan ədəbiyyatı”, Lalə Həsənova “Rusdilli Azərbaycan ədəbiyyatı”, Gülbəniz Babayeva “Satira”, Mehman Həsənli “Ədəbiyyatda esse”, Gülnar Qənbərli “Uşaq ədəbiyyatı: nəsr və dramaturgiya” mövzuları haqqında məruzələrini səsləndiriblər. Elmi işçilər Nizami Hüseynov “Bölgələrdə ədəbi həyat”, Mərcan Sofiyeva “Bədii tərcümə”, filologiya elmləri doktorları Elçin Mehrəliyev “Publisistika”, Salidə Şərifova “Ədəbiyyat tarixçiliyi” kimi mövzularda məruzə ediblər. Həmçinin filologiya üzrə fəlsəfə doktorları Rasim Nəbioğlu “Ədəbiyyat nəzəriyyəsi”, Zəkulla Bayramlı “Ədəbiyyat İnstitutu əməkdaşlarının bədii yaradıcılığı-2018”, Xanım Zairova “Ədəbi əlaqələr: Azərbaycan, Avropa və Amerika”, Eşqanə Babayeva “Ədəbi əlaqələr: Azərbaycan və Türk dünyası”, Bəsirə Əzizəliyeva “Ədəbi əlaqələr: Azərbaycan-Asiya-Afrika” mövzularında məruzə ilə çıxış ediblər.