Qazaxıstanda Xalq yazıçısı Anarla görüş keçirilib

 

Qazaxıstan Milli Akademik Kitabxanasında ölkə ictimaiyyəti, diaspora üzvləri ilə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın görüşü keçirilib.

Görüşdə Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov ölkəsinin tanınmış şəxsiyyətləri ilə qürur duyduğunu bildirib. Səfir belə tanınmışlardan olan Anarın təkcə ölkəmizdə deyil, həmçinin dünyada nüfuzlu söz adamlarından biri kimi sevildiyini söyləyib. Bildirib ki, o, öz yaradıcılığı ilə nəyinki türk xalqlarının ədəbiyyatına, eləcə də dünya ədəbiyyatına böyük töhfələr verib.

Qazaxıstan yazıçıları Joltay Almasulı, Bakytkoja Rustəmov və Dariya Jumageldinova da Anarın əsərlərinin dünyanın 40 dilinə, o cümlədən qazax dilinə tərcümə edildiyini bildiriblər.

Baxıtqoca Rüstəmov “Dombrasız qazax, əsl qazax deyil” el misalını söyləyərək yazıçıya türk xalq çalğı alətini hədiyyə edib.

Görüşdə Anar bildirib ki, böyük türk dünyasının bir parçası sayılan Qazaxıstan repressiya zamanı həmvətənlilərimizin sığınacaq yeri olub. Qazaxıstan Abay, Şokan Vəlixanov, Oljas Süleymenov kim böyük şəxsiyyətlər yetişdirib. Hər zaman Azərbaycanda Qazaxıstan mədəniyyətinə xüsusi maraq olub.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs edən Xalq yazıçısı beynəlxalq ictimai-siyasi forumlarda Qazaxıstanın ədalətli mövqe nümayiş etdirməsini xüsusilə vurğulayıb.

Tədbirdə çıxış edənlər yazıçını canlı klassik adlandırıb, onun əsərlərinin hər zaman aktual olacağını söyləyiblər.

Görüşdə Anarın ssenarisi əsasında lentə alınan və Azərbaycan kinosunun qızıl fonduna daxil edilmiş “Gün keçdi” filminin bu il qazax dilində Azərbaycan kinosu həftəsi çərçivəsində yerli El Arna TV kanalında nümayiş olunduğu və maraqla izləndiyi vurğulanıb.

Sonra Xalq yazıçısı Anar gənc yazarlar, milli kitabxananın əməkdaşları və oxucuların suallarını cavablandırıb.

Tədbir iştirakçıları yazıçı ilə xatirə şəkli çəkdiriblər.

Kitabxanada Azərbaycana aid kitablarla yanaşı, Xalq yazıçısının da əsərləri nümayiş olunub. /Azərtac/