"İmadəddin Nəsiminin farsca şeirlərinin Azərbaycan dilinə tərcüməsi və nəşri" layihəsinə start verildi

 

Edebiyyatqazeti.az xəbər verir ki, "Kitab Evi" İctimai Birliyi sentyabr ayının 1-dən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə "İ.Nəsiminin farsca şeirlərinin Azərbaycan dilinə tərcüməsi və nəşri" adlı layihəsinin fəaliyyətinə başladı. Hazırda mənbələrin toplanması və tərcümə işləri üçün müqavilələrin bağlanılması prosesi gedir. 

Layihə çərçivəsində şairin başqa dillərdə olan (xüsusilə ərəb- fars dilindən) şeirlərinin toplanıb Azərbaycan dilinə tərcümə olunması, kitab şəklində nəşri, qiraətçilər tərəfindən səsləndirilməsi; audio (disk) və slayd formatında (youtube saytı) yayımlanması; kitabın və audiodiskin təqdimatı nəzərdə tutulub. 
Layihə rəhbəri filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzərova layihə ilə bağlı fikirlərini belə qeyd edir:  Düşündüm ki, illərdir, xüsusilə son iki ildir Nəsiminin Azərbaycan ədəbiyytında məlum olan qəzəlləri onsuz da kifayət qədər təbliğ olunur. Şairin yeni şeirlərini Azərbaycan ədəbiyyatına qazandırmaq da bizim xidmətimiz olsun. Ümid edirəm ki, nəticəmiz uğurlu olacaq və İ.Nəsimini doğma Vətəni Azərbaycana daha bütöv şəkildə qazandırmaq məqsədində, həmçinin Azərbaycan klassik ədəbi xəzinəsinin və kitabxanaların zənginləşməsində önəmli rol oynayacaq. Eyni zamanda NƏSİMİ ilinə töhfə olacaq.