Şair-publisist Zabil Pərvizin “Yaşıl simfoniya” adlı kitabı işıq üzü gördü

 

Edebiyyatqazeti.az xəbər verir ki, adı ədəbi mühitə, oxuculara hələ ötən əsrin 70-ci illərindən yaxşı tanış olan, poetik nümunələri görkəmli ədəbiyyatşünaslar tərəfindən yüksək  qiymətləndirilən şair-publisist Zabil Pərvizin “Yaşıl simfoniya” adlı kitabı işıq üzü görüb.

Kitabda müəllifin seçmə şeirləri, son illərdə qələmə aldığı bədii nümunələri toplanıb.

Həmçinin kitaba daxil edilən epik janrda yazılmış “Yaşıl simfoniya” poeması ümumbəşəri humanizm ideallarının tərənnüm və təbliğinə həsr olunmuş və “Yeni Dünya” mükafatına layiq görülmüşdür. Vətən, xalq, dünya mövzularına həsr olunmuş bu əsərlər eyni zamanda insanlıq qarşısında dayanan problemlərə güzgü tutur.

“Yaşıl simfoniya” kitabında vaxtilə İstiqlal şairi Xəlil Rza Ulutürkün müəllif haqqında yazdığı məqaləsi ön söz olaraq verilib.

“Təknur” nəşriyyatında çap olunan kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru Fəridə Ləmandır.

Qeyd edək ki, “Yaşıl simfoniya” şairin “Yarı qönçə, yarı gül” və “Anarsan məni” kitablarından sonra üçüncü şeirlər kitabıdır.

Zabil Pərviz eyni zamanda çoxlu sayda ictimai, siyasi, elmi və ədəbi publisistik məqalələrin müəllifi, tanınmış mətbuat işçisidir.

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!