Azərbaycan musiqiçiləri “Şərq taranələri-2019” Beynəlxalq Musiqi Festivalında birinci yeri əldə etdilər

 

Edebiyyatqazeti.az xəbər verir ki, Özbəkistanın tarixi Səmərqənd şəhərində keçirilən “Şərq təranələri” XII Beynəlxalq Musiqi Festivalında Azərbaycan musiqiçiləri yenə də Festivalın ali mükafatına layiq görülüblər.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə Azərbaycandan gənc xanəndə Pərviz Qasımov 341.8 bal toplayaraq Festivalda birinci yerə layiq görülüb. Qeyd edək ki, Pərviz Qasımovu Azərbaycanın Əməkdar artisti Malik Mansurov (tar), Əməkdar artist Elşən Mansurov (kamança) və Ramin Abdullayev (nağara) müşayiət ediblər.

XII Şərq taranələri Beynəlxalq Musiqi Festivalında qran prini Özbəkistan təmsilçisi Mexrinigar Abduraşidova, 1-ci yerin digər sahibi isə Qırğızıstanın “Komusçilar” musiqi qrupu, 2-ci yeri Monqolustan və Türkmənistan təmsilçiləri, 3-cü yerə isə Rusiya və Tacikistan təmsilçiləri layiq görülüblər.

Azərbaycan təmsilçisi Pərviz Qasımov “Şur” kompozisiyasını və başqa musiqilərimizi ifa etmiş, onun çıxışı böyük maraq və alqışlarla qarşılanmışdır.

Beynəlxalq Musiqi Festivalının açılışında Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və YUNESKO-nun baş katibi Odri Azule iştirak və çıxış etmiş, Festivalda Avropa ölkələri ilə yanaşı, Şimali və Cənubi Amerikadan, Afrikadan xeyli musiqiçi iştirak etmişdir.

Festivalın açılışında, həmçinin Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, səfirliyin birinci katibi, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov da olub.

Qeyd edək ki, 1997-ci ildə Səmərqənddə keçirilən birinci festivalda Azərbaycanın Xalq artisti Simarə İmanova Qran-Pri mükafatına layiq görülüb. XI festivalda isə tarzən, Əməkdar artist Sahib Paşazadə Qran-Pri mükafatını  ikinci dəfə əldə edib. Digər vaxtlarda idə tanınmış muğam ustadı Alim Qasımov, xanəndələrimiz Aygün Bəylər, Qoçaq Əsgərov festivalda birinci, Zabit Nəbizadə isə ikinci yerləri qazanıblar.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov bildirmişdir ki, Azərbaycan musiqiçilərinin dünyanın 75 ölkəsindən 340 ifaçı iştirak etdiyi mötəbər musiqi Festivalında bir daha Azərbaycan mədəniyyətinin, musiqisinin necə zəngin və təkrarsız olduğunu bütün dünyaya nümayiş etdirdiklərini qeyd edərək, qazanılmış uğurun bütövlükdə dövlətimizin mədəniyyətə, incəsənətə diqqətinin, qayğısının nəticəsi olduğunu bildirib.