Azərbaycanlı filoloq alim Qulamhüseyn Əliyevin “Azərbaycan-Özbək ədəbi əlaqələri” adlı kitabın təqdimat mərasimi keçirilib

 

Edebiyyatqazeti.az xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Daşkənddə tanınmış Azərbaycan alimi Qulamhüseyn Əliyevin “Azərbaycan-özbək ədəbi əlaqələri” (1920-1960-cı illər) kitabı özbək və Azərbaycan dillərində çap olunub.

Nəşri özbək dilinə mərhum şair və tərcüməçi, Azərbaycan ədəbiyyatının yaxın dostu mərhum Usman Kuçkar çevirib.

Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən təqdimat mərasimində Özbəkistanın ədəbiyyat sahəsində tanınmış simaları, alimlər, tədqiqatçılar, Daşkənddəki ali məktəblərin müəllim və tələbələri, yerli azərbaycanlılar, mətbuat nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, ilk öncə Mədəniyyət Mərkəzinin foyesində Azərbaycan-özbək ədəbi əlaqələri, habelə Qulamhüseyn Əliyevin yenicə çapdan çıxmış kitabının sərgisi olmuşdur.

Tədbirdə giriş sözü ilə qonaqları salamlayan Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov  Azərbaycan və özbək ədəbiyyatı arasında orta əsrlərdə olduğu kimi Sovet dövründə də yüksək səviyyəli əlaqələr olduğunu, hər iki xalqın ədəbiyyatının intibah dövrü sayılan bu illərdə ədəbiyyat nümayəndələrinin qarşılıqlı təsirli gözəl, ölməz əsərlər yaratdığını bildirib. Samir Abbasov tədqiqat əsərində 1920-ci ildən 1960-cı ilədək Azərbaycan-özbək əlaqələrinin ətraflı araşdırıldığını,  kitabın qeyd edilən dövrün ədəbi proseslərini izləyən ilk elmi iş olduğunu vurğulayıb. Diplomat Azərbaycan-özbək ədəbi əlaqələrini araşdıran hər iki ölkənin tədqiqatçıları, ədəbiyyatşünasları üçün elmi-nəzəri mənbə olan nəşrin faktiki materiallarla, təhlillərlə zəngin olduğunu qeyd edib, Azərbaycan Mədəniyyət Mərkəzinin iki ölkə arasında mədəni-ədəbi əlaqələri tədqiq edən bu cür əsərlərə daim dəstək olduğunu bildirib.

Filoloq alim, tərcüməçi Babaxan Şərif  tədqiqat əsəri haqqında öz düşüncələrini paylaşaraq, ədəbi əlaqələrimiz haqqında danışıb, hər iki xalqın şairlərinin, yazıçılarının bir-birindən faydalandığını, özbək şairi Əlişir Nəvainin Nizami Gəncəvidən bəhrələndiyini, Azərbaycan şairi Məhəmməd Füzulinin isə Nəvaidən və digər özbək şairlərindən ilham aldığını söyləyib. Sovet dövründə Qafur Qulam Səməd Vurğun, Xəlil Rza və digər özbək şairləri arasında dostluq və əməkdaşlığa, onların bir-birinə təsiri azərbaycanlı alim Qulamhüseyn Əliyevin təqdqiqat əsərində elmi cəhətdən geniş araşdırıldığını və təhlil edildiyini söyləyib. Alim yüksək peşəkarlıqla araşdırılan və ədəbiyyat tariximizin mühüm səhifəsinə işıq salan tədqiqat əsərinin əhəmiyyəti və gələcək nəsillər üçün faydasından bəhs edib.

Tədbirdə Özbək ədəbiyyatının tanınmış siması, xalq şairi Qafur Qulamın qızı, şairin adını daşıyan Ev Muzeyinin direktoru Almaz Qulamova öz fikirlərini bölüşmüş, Qulamhüseyn Əliyevin və digər azərbaycanlı ədəbiyyatşünasların atası ilə olan əlaqələrindən danışmışdır.

Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə iki xalq arasında dostluq, mədəni-ədəbi əlaqələrə dair hazırlanmış “Dostluq riştələri” adlı sənədli film nümayiş etdirilib.

Daha sonra məruzələr dinlənilmiş, çoxsaylı çıxışlar, elmi təqdqiqat əsərinə dair müzakirələr olmuşdur.

Çıxış edən Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universitetinin professoru Gülbahar Aşurova, Özbəkistan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun dossenti Gülnaz Səttarova nəşrdə  ədəbi əlaqələrimizin çağdaş dövrü ilə yanaşı, orta əsrlər, klassik dövrünə aid maraqlı faktların, materialların öz əksini tapdığını qeyd etmiş, Özbəkistanda dəfələrlə olmuş, özbək ədəbiyyatının tanınmış nümayəndələri ilə görüşmüş təqdqiqatçı Qulamhüseyn Əliyevin  ədəbiyyatımız üçün xidmətlərindən danışmış, Özbək dilini mükəmməl öyrənən alimin Özbəkistanla əlaqəli çoxsaylı əsərlər yaratdığını söyləmişlər.

Biruni adına Daşkənd Sərqşünaslıq Universitetinin professoru Atxambek Olimbekov, Daşkənd Dövlət Cahan Dilləri Universitetinin dossenti Gülbahar Xəlilova, Özbəkistanda azərbaycanlı alim-akademik Almaz Məcidova xalqlar arasında əbədi dostluq körpüsü yaradan, gənclərə örnək olan, yüksək elmi və etik dəyərlərə malik Qulamhüseyn Əliyev kimi alimlərin xidmətlərini qeyd edərək, alimin ədəbiyyatımıza yeni nəfəs gətirdiyini vurğulayıblar.

Sonda kitabın tərtibçisi, Azərbaycan Mədəniyyət Nazirliyinin təsiçisi olduğu  “Mədəniyyət.AZ” jurnalının baş redaktoru, Əməkdar Mədəniyyət işçisi, Qulamhüseyn Əliyevin kiçik qızı Zöhrə Əliyeva çıxış edərək, bu kitabın ərsəyə gəlməsində göstərdikləri qaygı və dəstəyə görə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə dərin minnətdarlığını bildirmişdir.O hər zaman ailədə özbək xalqına böyük hörmət və məhəbbət ruhunda tərbiyə aldıqlarını, onun tarixinə, ədəbiyyatına, ümumən böyük və qədim mədəniyyətinə ehtiramla böyüdüklərini, evlərində həmişə özbək musuqisinin səsləndiyini, Atasının tez-tez Özbəkistanda səfərə getdiyini, evdə də tez-tez Özbəkistandan gələn qonaqların olduğunu, böyük özbək şairi Qafur Qulam, Maqsud Şeyxzadə və başqaları haqqında söhbətləri xatırladığını demişdir. “Özbəkistan Atam üçün ikinci vətən idi. Bu bütün ailəmiz üçün bu gün də belədir və hər zaman da belə olacaq. Bu dəfəki səfər bunu bir daha sübüt etdi, - deyən Zöhrə Əliyeva tədbirdə çıxış edən alim və ictimai xadimlərə Qulamhüseyn Əliyevin yaradıcılığına verdikləri yüksək dəyərə görə qürurlandığını və çox təsirləndiyini söyləmişdir.  Zöhrə Əliyeva Qulamhüseyn Əliyevib bir alim kimi formalaşmasında böyük alim, akademik Məmməd Arif Dadaşzadənin böyük əməyi olduğunu və bu kitabın da bir tələbənin həm də öz müəlliminə ithafı kimi dəyərləndirdiyini söyləmişdir. Sonda Zöhrə Əliyeva bir daha bu işdə zəhməti keçənlərə dərin minnətdarlığını  bildirmişdir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!