Tatarıstanın Xalq şairi Razil Vəliyevin kitabı Bakıda təqdim olundu - FOTOLAR

 

Edebiyyatqazeti.az xəbər verir ki, ötən gün Azərbaycan Yazıçılar Birliyinin Natavan klubunda Tatarıstanın Xalq şairi, Millət vəkili, Tatarıstan Dövlət Şurasının Maarif, Mədəniyyət, Elm və Milli münasibətlər Komitəsinin başqanı Razil Vəliyevin  "Payız yağmurları" (Azərbaycanca və Tatarca) şeirlər kitabının təqdimat mərasimi keçirildi.

Tədbiri giriş sözü ilə açan Millət vəkili Qənirə Paşayeva şairin Azərbaycanda nəşr edilən “Payız yağmurları” kitabının ilk olduğunu vurğuladı: “Kitabda şeirlər iki dildə, Azərbaycan və tatar dilində verilib. Şeirlərin tərcüməsi şair-publisist Həyat Şəmiyə məxsusdur. “XAN” nəşriyyatında çapdan çıxan kitabın layihə rəhbəri və baş redaktoru Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalıdır. Kitabın məsləhətçiləri millət vəkili, AMEA-nın həqiqi üzvü Nizami Cəfərov və Tatarıstanda yaşayan soydaşımız İsmət Orucəliyev, rəyçiləri isə millət vəkili Cavanşir Feyziyev və mənə məxsusdur”.

Tədbirdə Azərbaycan Atatürk Mərkəzinin şöbə müdiri, tədbirin təşkilatçısı, şair Əkbər Qoşalı, AYB-nin katibi Rəşad Məcid, jurnalist Azər Həsrət, Etibar Babayev, yazıçı Yunus Oğuz, tərcüməçi Ramiz Əsgər, Əli Şamil və digərləri çıxış edərək şairin yaradıcılığı, şeirləri haqqında fikir bildiriblər.  

Xalq şairi Razil Vəliyev də çıxış edərək kitabın Azərbaycanda işıq üzü görməsində zəhməti keçən hər kəsə təşəkkürünü bildirib.

Tədbirin sonunda Tatrıstanın xalq şairi, eyni zaman bu ölkənin Dövlət Şurasının Maarif, Mədəniyyət, Elm və Milli münasibətlər komitəsinin rəhbəri olan Razil Vəliyev hər iki ölkə atrasında mədəni əlaqələrin genişlənməsində gördüyü işlərə görə millət vəkili Qənirə Paşayevanı, Tatarıstanda yaşayan soydaşımız İsmət Orucəliyevi,  şair Əkbər Qoşalını, kitabın tərcüməçisi, şair Həyat Şəmini fəxri fərmanlarla təltif edib.

Qeyd edək ki, Razil Vəliyev Azərbaycana Millət vəkili Qənirə Paşayevanın dəvəti (ABAİB, DGTYB və RHİMİB-in təşkilatçılığı) ilə təşrif buyurub.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!