Azərbaycan alimi Türkiyədə Nəsiminin əsərlərinin əlyazmalarını tədqiq edib

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə Türkiyədə elmi ezamiyyətdə olun.

Türkiyənin bir neçə şəhərində olan tədqiqatçı əvvəlcə Bursa İnebey Yazma Əsərlər Kitabxanasında araşdırma aparıb. Məlum olub ki, kitabxanada Azərbaycana aid çoxlu sayda əlyazmalar qorunur. Bunlar əsasən klassiklərimizin əsərlərinin əlyazmalarıdır. Kitabxanada dahi Azərbaycan şairi İmadəddin Nəsiminin də əsərlərinin əlyazmaları var. Burada Nəsiminin “Divan”ının bir nüsxəsi, nəsrlə qələmə aldığı “Müqəddimətül həqayiq” əsərinin bir nüsxəsi və bir qəsidəsinin əlyazması qorunur.

Kərimulla Məmmədzadə hər üç əlyazmanı tədqiq edib. Burada qorunan Nəsimi “Divan”ının katibi məlum deyil. Əlyazmanın həcmi 60 vərəqdir (120 səhifə). Hər səhifə 11 sətir olmaqla iki sütundan ibarətdir və zərif təliq xətti ilə köçürülüb. “Divan”da Nəsimiyə aid 2 məsnəvi, 2 qəsidə, 82 qəzəl, 9 nəzirə və 1 mənaqib yer alıb. Bütün poetik nümunələr ana dilindədir.

“Müqəddimətül-həqayiq” əsərinin əlyazma nüsxəsinin əvvəlində “Həzə müqəddimeyi-həzrəti-Nəsimi be zəbani-türki” ibarəsi yer alıb. Əlyazma nüsxəsi 41 vərəqdən (82 səhifə) ibarətdir. Hər səhifə 17 sətir olmaqla aydın nəsx xəttilə köçürülüb. Əlyazmanın katibi məlum olmasa da, orada hicri 1206-cı ildə (miladi 1792) köçürülmə qeydi var. Əsər müxtəlif müəlliflərə aid bir neçə əsərlə bir cild içərisindədir.

Bu əsər hürufiliyin əsas ideya və qayəsini Quranla əsaslandıraraq şərh edən bir risalədir. Belə ki, Nəsimi əsərin əvvəlində Quranın “Fatihə” surəsindən və Quranın 29 surəsinin əvvəlində gələn muqəttəat ayələrdən bəhs edir. Burada bir açıqlama vermək yerinə düşər ki, muqəttəat istilahı ərəb dilində olan muqəttə sözünün cəm şəklidir. Kəlmənin lüğətdə verilmiş mənasına gəlincə isə, muqəttə kəsilmiş, ayrılmış, kəsik, ayrı, mənalarını verir. Məsələn, hürufi-muqətta ərəb əlifbasının ayrı yazılan hərflərinə deyilir. Bu sözün cəm şəkli olan muqəttəat isə daha geniş məna kəsb edir. Belə ki, bu sözün birinci mənası kəsilmiş şeylər, kəsik şeylər, ikinci mənası mətləsiz, yəni başlanğıc beyti olmayan şeir parçaları, üçüncü mənası müxtəlif qəzəl və qəsidələrdən seçilmiş beytlər, dördüncü mənası hər biri bir kəlməni ifadə edən hərflər və tamamlanmamış cümlələr, beşinci mənası isə qısaltmalar, yəni abreviaturadır. Bu, Quranın bəzi surələrinin əvvəlində olan müəyyən hərflərlə ifadə edilmiş, şifrələnmiş və gizli məna daşıyan ayələri ifadə etmək üçün çox uğurla seçilmiş bir istilahdır.

Əsər Quranın “Fatihə” surəsinin 7 ayədən ibarət olduğunu bildirən hədislə başlayır. Sonra “Fatihə”siz namazın səhih sayılmayacağı bildirilib və bir hədislə qüvvətləndirilib. Daha sonra qeyd olunur ki, Quranda yer alan surələrdən 29-nun əvvəlində muqəttəat var. Bütün bu 29 müqəttəatdan bəhs etdikdən sonra isə dəstəmaz, oruc, zəkat, həcc və digər məsələlər haqqında hərflərlə assosiasiya yaradılaraq açıqlamalar verilir. Bu açıqlamalar isə Quran və hədislərlə əsaslandırılır.

Bursa İnebey Yazma Əsərlər Kitabxanasında qorunan digər bir əlyazmada isə Nəsimiyə aid bir qəsidə yer alıb. Bir məcmuənin 7 vərəqini əhatə edən bu qəsidənin əvvəlində “Qəsideyi-Nəsimi əfəndi” yazılıb. Bu qəsidə şairin “Təala Allah zəhi sultan, ki, sənsən xaliqül əşya” beyti ilə başlayan məşhur əsəridir.

Qeyd edək ki, Nəsiminin əlyazma irsinin tədqiqi sahəsində bir çox işlər görülüb. Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən dünyanın müxtəlif ölkələrində qorunan Nəsimi irsinin əlyazmalarının aşkarlanaraq onların Azərbaycana gətirilməsi sahəsində mühüm işlər görülüb. Hazırda Nəsimiyə aid çoxlu sayda əlyazma əsərinin fotosurəti əldə edilərək ilkin tədqiqatlara cəlb edilib. /Azərtac/

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!