Ədəbiyyat İnstitutunda DGTYB-nın təşkilatçılığı ilə qırğız yazarlarla görüş keçirilib

 

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, İctimaiyyətlə əlaqələr şöbəsindən Edebiyyatqazeti.az-a verilən məlumata görə Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılğı ilə Qırğızıstandan gəlmiş yazarlarla görüş keçirilib. Tədbiri AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq qardaş ölkədən gəlmiş qonaqları salamlayıb. Akademik çıxışı zamanı qeyd edib ki, Qırğızıstan Azərbaycana qardaş ölkədir, bu iki ölkə arasında böyük əlaqələr var. Qırğızıstanla Azərbaycan arasında ən böyük körpü Çingiz Aytmatovdur. Biz onu həm də Azərbaycan yazıçısı hesab edirik. Eyni zamanda “Manas” eposu da Azərbaycanda öyrənilir.

Akademik həmçinin bildirib ki, keçən il İssıkulda keçirilən konfransda institutun elmi katibi Mehman Həsənli ilə iştirak ediblər. Mehman Həsənlinin qırğız ədəbiyyatı ilə bağlı dissertasiya müdafiə etdiyini, Çingiz Aytmatovun əsərlərini Azərbaycan türkcəsinə uyğunlaşdırdığını nəzərə çatdırıb. Akademik İsa Həbibbəyli Dünya Gənc Türk Yazarlar Birliyinin və Əkbər Qoşalının bu istiqamətdə gördüyü işləri də yüksək qiymətləndirib.

Sonra Qırğızıstan Yazıçılar Birliyinin sədri Nurlan Kalıbekov çıxış edərək Elmlər Akademiyasında belə bir görüşdən məmnun qaldığını bildirib.

DGTYB-nın Məsləhət Şurasının başqanı Əkbər Qoşalı da Ədəbiyyat İnstitutunda bu cür görüşlərin keçirilməsinə şərait yaratdığı üçün institut rəhbərliyənə təşəkkürlərini bildirib. Həmçinin DGTYB tərəfindən həyata keçirilmiş layihələr haqqında hərtərəfli məlumat verib. Əkbər Qoşalı xatırladıb ki, ötən il qazaxların gənc yazarlarının əsərləri dilimizə çevrilərək çap olunmuşdu, bu il isə “Gənc qırğız şeiri antologiyası” işıq üzü görüb.

Tədbirdə iştirak edən Qırğızıstanın gənc yazarlarından Altınbek İsmail, Nuriza Ömürbayeva, Narsulu Qurqubay, Bekbolat Sarıbay da çıxış edərək öz şeirlərini səsləndiriblər.

Eyni zamanda Ədəbiyyat İnstitutunun Türk xalqları ədəbiyyatı şöbəsinin əməkdaşlarından İsmixan Osmanlı və Mehman Həsənli də çıxış edərək Azərbaycanda ümumtürk ədəbiyyatının öyrənilməsi istiqamətində görülən işlərdən danışıblar.

Tədbirin sonunda akademik İsa Həbibbəyli Ədəbiyyat İnstitutuna məxsus Çingiz Aytmatova həsr olunmuş və digər kitabları Qırğızıstan Yazıçılar Birliyinin sədri Nurlan Kalıbekova təqdim edib. Sədr də öz növbəsində Qırğızıstanla bağlı xatirə hədiyyələrini institutun direktoruna təqdim edib.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!