“Komparativistikanın işığında” kitabı işıq üzü görüb

 

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, İctimaiyyətlə əlaqələr şöbəsindən Edebiyyatqazeti.az saytına verilən məlumata görə Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun  Dünya ədəbiyyatı və komparativistika şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Aida Feyzullayevanın “Komparativistikanın işığında” kitabı rus dilində nəşr edilib. Kitab Ədəbiyyat İnstitutunun Elmi Şurasının 05 mart 2018-ci il tarixli, 4 saylı qərarı ilə çap olunub.

Monoqrafiyanın elmi redaktoru AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir. Rəyçiləri isə filologiya elmləri doktoru Sara Osmanlı və filologiya üzrə fəlsəfə doktoru Cavidə Məmmədovadır.

Kitabda Əməkdar elm xadimi, filologiya üzrə elmlər doktoru M.Qocayevin elmi fəaliyyəti, həmçinin klassik rus ədəbiyyatı və xüsusən də F.M.Dostoyevskinin rus və dünya ədəbiyyatı kontekstində yaradıcılığı ilə bağlı tədqiqatları əks olunub. Müəllif tədqiqatında Dostoyevski və Tolstoyun həyat və yaradıcılığını araşdırarkən yeni mənbələrdən istifadə etmişdir. Həmçinin rus dekadent şairlərinin, ədəbiyyat tənqidçisi D.S.Merejkovun və yazıçı V.V.Veresayevin “Canlı həyat” əsərləri də tədqiqata cəlb olunub. Kitabın bütün başlıqlarında rus dekadentliyinə müraciətlər var və bu da rus dekadentliyi haqqında tam fikir formalaşdırmağa kömək edir. Eyni zamanda Şərqin dekadentlik dövrünün şair-simvolistlərdən olan K.Balmontun və V.Xlebnikovun həyat və yaradıcılığına təsirləri də tədqiq olunuşdur. Kitabın sonuncu fəsli əsasən komparativistika ilə bağlıdır.

Monoqrafiya ümumilikdə giriş, beş fəsil, nəticə və istifadə olunmuş ədəbiyyatdan ibarətdir. “Elm və təhsil” nəşriyyatında çap olunan kitab 192 səhifədən ibarətdir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!