Şair, Əməkdar incəsənət xadimi Kəmalə Ağayeva vəfat edib

 

Şair, Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Kəmalə Ağayeva vəfat edib.

Kəmalə Ağayeva 1936-cı il iyulun 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. 1953-1957-ci illərdə Azərbaycan Dillər Universitetinin fransız dili fakültəsində təhsil alıb.

1957-1961-ci illərdə Naxçıvanın Şıxmahmud kənd orta məktəbində, Naxçıvan şəhərindəki 1 nömrəli orta məktəbdə, 1961-1986-cı illərdə Naxçıvan şəhər internat məktəbində fransız dili müəllimi, 2002-2005-ci illərdə C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında ədəbi hissə müdiri, həm də həmin illərdə “Ümid çırağı” jurnalının baş redaktoru olub.

İlk mətbu şeiri – “Hilal olaydım” 1957-ci ildə “Azərbaycan” jurnalında dərc ediləndən sonra fəal bədii yaradıcılıqla məşğul olub. Fransız dilindən poetik tərcümələr edib. Onun “Məhsəti”, “İsmət”, “O, bizim dağların oğludur”, "Mənim tanrım gözəllikdir, sevgidir”, “Apardı sellər Saranı, “Göyçək Fatma”, “Tıq- tıq xanım”, “Məlikməhəmməd” və “Sirli sözlər” pyesləri tamaşaya qoyulub, efirdə səsləndirilib. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunub.

Kəmalə Ağayeva Fransa şairlərindən P.Elüar, P.Verleni, L.Araqon və digərlərinin əsərlərini tərcümə edib.

O, 2019-cu ilin iyulun 18-də vəfat edib.

Allah rəhmət etsin!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!