Aygün Cəfərovanın "Nəsimi yaradıcılığında folklor izləri" adlı kitabının təqdimat mərasimi keçirilib

 

Edebiyyatqazeti.az xəbər verir ki, Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi və Əli Kərim adına Poeziya Evinin təşkiatçılığı ilə “Azərbaycan Respublikasında Nəsimi ili” çərçivəsində tədqiqatçı- yazar Aygün Cəfərovanın "Nəsimi yaradıcılığında folklor izləri" adlı kitabının təqdimatı keçirilib. 

Tədbiri Poeziya Evinin direktoru, kitabın redaktoru, şair İbrahim İlyaslı açaraq mütəfəkkir şair Nəsiminin yaradıcılığına verilən dəyərin vacibliyindən, Sumqayıt Regional Mədəniyyət İdarəsinin Nəsiminin 650 illiyi ilə bağlı Sumqayıtda silsilə tədbirlərin həyata keçirildiyindən, eləcə də kitabın araya- ərsəyə gəlməsindən, Aygün Cəfərovanın ədəbiyyatşünaslıqda layiqli imza sahibi olacağına inamından danışıb.
Sonra kitabın elmi redaktoru filologiya elmlər doktoru, professor Rüstəm Kamal çıxış edərək müəllifin özünəməxsus tədqiqat üslubunun olduğunu, Nəsimi şeirində folklor emosiyasını hiss edib ifadə edə bilmə imkanlarından söz açıb.
Daha sonra çıxış edən filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzər Nəsimi dilinin ədəbi dilimizin mühüm mərhələsi olduğunu, onun xalq dili və bədii təfəkküründən ayrı düşünülməsinin mümkünsüzlüyünü və şairin yaradıcılığının daha ətraflı öyrənilməsinə ehtiyac olduğunu dilə gətirib.


Tədbirdə iştirak edən filologiya elmlər doktoru, professor Rafiq Yusifoğlu, şair Əşrəf Veysəlli, Aygün Cəfərovanın ilk müəllimi olmuş Hökümə Allahverdiyeva, Fərhad Nəhmətoğlu, Sumqayıt Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Eldar Hüseynov da çıxış edərək müəllifə yaradıcılıq uğurları arzu ediblər.


Sonda kitabın müəllifi Aygün Cəfərovaya söz verilib. O bildirib ki,mütəfəkkir şairin yaradıcılığına həsr olunmuş kitab Azərbaycanda "Nəsimi İli" çərçivəsində "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB” və “Regional Hüquqi və İqtisadi Maarifləndirmə" İB-nin dəstəyi ilə çap olunub. Müəllif tədbir iştirakçılarına dərin minnətdarlığını bildirib.
Tədbir şeir və musiqi nömrələri ilə yekunlaşıb.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!