Şotlandiyada İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd edilib

 

Böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamının icrası üzrə silsilə tədbirlər çərçivəsində Şotlandiyanın St Andrevs Universitetində tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə layihəsi çərçivəsində reallaşıb.

Tədbirdə St Andrevs və Oksford universitetlərinin professor və tələbələri iştirak ediblər.

Çıxışlarda XIV əsrdə yaşamış İmadəddin Nəsiminin həyatı və fəlsəfi görüşləri haqqında iştirakçılara məlumat verilib və şairin qəzəlləri səsləndirilib. /Azərtac/