"Anar - 80...Şəxsiyyətin tarixi" kitabının təqdimat mərasimi keçirilib

Edebiyyatqazeti.az xəbər verir ki, iyulun 1-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında “Anar-80... Şəxsiyyətin tarixi” kitabının təqdimatı keçirilib.

Tədbiri açan AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Xalq yazıçısı Anarın ədəbiyyatımızın inkişafına töhfələrindən danışıb. O bildirib ki, Anar Azərbaycan ədəbiyyatının müasir dövrünü yaradan əsas simalarından biridir. XX əsrdə Azərbaycanda “altmışıncılar” ədəbi nəslinin fəaliyyətində, 70-80-ci illərdə ədəbi-ictimai mühitdə ümummilli ideallar uğurunda aparılan mübarizədə və nəhayət müstəqillik dövründə yeni ədəbiyyatın yaradılmasında, bədii fikrin ölkə maraqlarına istiqamətləndirilməsində Xalq yazıçısı Anarın mühüm xidmətləri var.

“Son altmış ilə yaxın bir dövrdə Azərbaycan ədəbiyyatının keçdiyi keşməkeşli və şərəfli yolun məsuliyyətini də, uğurlarını da Anarın yaradıcılığı olmadan təsəvvür etmək çətindir”, - deyə akademik İsa Həbibbəyli vurğulayıb.

Kitabın tərtibçisi və ön sözünün müəllifi Gülxani Pənah (Şükürova) bildirib ki, nəşrdə ömrünün 60 ilindən çoxunu xalqına, dövlətinə, onun ədəbiyyatının, mədəniyyətinin inkişafına həsr edən yazıçı Anarın ünvanına gələn yüzlərlə təbrik teleqramlarının, məktublarının, haqqında yazılan məqalələrin bir qismi toplanıb.

Azərbaycan Dillər Universitetinin rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla ədəbiyyatımızda Anarın çoxşaxəli yaradıcılığının özünəməxsus yeri olduğunu vurğulayıb.

Kitabın elmi redaktoru, Milli Məclisin deputatı, filologiya üzrə elmlər doktoru, professor Jalə Əliyeva Xalq yazıçısı Anarın əsərlərinin gənc nəslin tərbiyəsində oynadığı roldan danışıb. O bildirib ki, yazıçı yaratdığı əsərlərlə Azərbaycan ədəbiyyatının zirvəsini fəth edib.

“Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan bildirib ki, kitabda yer alan 50 məqalədən 30-u bir həftə ərzində “Ədəbiyyat qəzeti”nin Xalq yazıçısı Anarın 80 illik yubileyinə həsr olunmuş xüsusi buraxılışında dərc olunub. “Qəzetin xüsusi buraxılışı üçün Anar haqqında yazılan məqalələrə nəzər saldıqda Niyazi Mehdinin sözləri diqqətimi çəkdi. O yazırdı ki, altmışıncı illərdə Anarın təmsil etdiyi “qıraq dünya” modern ədəbiyyatın, ekzistensializmin, Sartrın dünyası idi. Həqiqətən Anar o “qıraq dünya” ilə Azərbaycanın yaxınlaşmasına, birləşməsinə, bütövləşməsinə vəsilə olan nadir insanlarımızdan biridir”, - deyə Azər Turan vurğulayıb.

Xalq şairi Nəriman Həsənzadə, akademik Teymur Kərimli, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid və digər çıxış edənlər yazıçının yaradıcılığından, onun Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən danışıblar.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!