“Məhtimqulu Fəraqi – Azərbaycan-Türkmənistan qardaşlığının rəmzi kimi” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

 

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, İctimaiyyətlə əlaqələr şöbəsindən Edebiyyatqazeti.az saytına verilən məlumata görə iyunun 27-də Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının konfrans zalında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Türkmənistanın Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən “Məhtimqulu Fəraqi – Azərbaycan-Türkmənistan qardaşlığının rəmzi kimi” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib.

Konfransı giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq Azərbaycanla Türkmənistanın dostluq, qardaşlıq münasibətlərinin bütün sahələrdə olduğu kimi elm və ədəbiyyat istiqamətində də uğurla inkişaf etdiyini bildirib. Akademik qeyd edib ki, türkmən ədəbiyyatının klassiki, türk dünyasının tanınmış ədəbi simalarından biri olan Məhtimqulu Fəraqinin həyatı və yaradıcılığına həsr olunmuş ənənəvi tədbirləri institutda ardıcıl olaraq davam etdiririk. Türkmənistanda 18 may müstəqillik günü, 27 iyun “Məhtimqulu günü” kimi təsdiq olunub. Əvvəllər 18 mayda keçirdiyimiz Məhtimqulu tədbirlərini bu ildən etibarən 27 iyunda keçiririk.

Natiq həmçinin əlavə edib ki, Məhtimqulu Fəraqi türkmən ədəbiyyatının banisidir, türkmən xalqını təmsil edən bir rəmzə çevrilib, hələ XVIII əsrdə türkmən tayfalarını birliyə çağırıb. O, Türkmənistanın müstəqil dövlətçiliyinin ən böyük carçısı hesab olunur. Əsərləri türkmən xalqının mənəvi sərvəti, türk dünyasının qiymətli salnaməsidir. Onun tərcümeyi-halı Azərbaycan torpağı ilə də əlaqəlidir, o, Azərbaycanda olub. Xəzər dənizinin, Nuxanın adı əsərlərində çəkilir. Məhtimqulu Fəraqi Türkmənistan - Azərbaycan qardaşlığının, birliyinin rəmzlərindən biri, ən böyük qardaşlıq körpüsüdür. Onun irsi Azərbaycanda, Türkiyədə, öz vətənində dəfələrlə çap olunub. Şairin 1913-cü ilə aid Buxarada daş basması ilə çap olunmuş “Divan”ının yeganə nüsxəsini institutumuzun əməkdaşı İsmixan Osmanlı əldə edib, biz onu çap etmişik. İnstitutun əməkdaşı Töhfə Talıbova Türkmənistan ədəbiyyatından fəlsəfə doktorluğu dissertasiyası müdafiə edib, professor Məmməd Əliyev Məhtimqulu ilə bağlı kitablar çap etdirib. Bu il isə “Məhtimqulu Fəraqi və Azərbaycan” kitabını nəşr etmişik. Ümumilikdə müxtəlif illərdə bu mövzu ilə bağlı altı kitab çap etmişik.

Sonra Türkmənistanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Mekan İşanquliyev də iki ölkə arasındakı əlaqələrin inkişafında belə konfransların keçirilməsinin önəmindən danışıb.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxışında Məhtimqulu Fəraqinin böyük Azərbaycan şairləri Molla Pənah Vaqif və Molla Vəli Vidadi yaradıcılığına təsirini də qeyd edib.

Daha sonra filologiya üzrə fəlsəfə doktoru, dosent İsmixan Osmanlı “Məhtimqulunun Azərbaycan sevgisi” adlı məruzə ilə çıxış edib.

Tədbir çərçivəsində akademik İsa Həbibbəyli və filologiya üzrə fəlsəfə doktoru İsmixan Osmanlının müəllifliyi ilə çap olunmuş “Məhtimqulu Fəraqi və Azərbaycan” kitabının təqdimatı və  “Məhtimqulu” filminin nümayişi olub.

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!