“Azərbaycan-Pakistan ədəbi-mədəni əlaqələri” mövzusunda konfrans keçirildi

 

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin Edebiyyatqazeti.az saytına verdiyi məlumata görə iyunun 21-də AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı və Pakistan Muslim İnstitutunun iştirakı ilə “Azərbaycan-Pakistan ədəbi-mədəni əlaqələri” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib.

Konfransı giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq Azərbaycanla Pakistanın dostluq, qardaşlıq münasibətlərinin bütün sahələrdə olduğu kimi elm və ədəbiyyat istiqamətində də uğurla inkişaf etdiyini və özünün də Azərbaycan-Pakistan dostluq qrupunun üzvü olduğunu bildirib. Qeyd edib ki, 2005-ci ildə Pərviz Müşərrəf prezident olan dövrdə Pakistana səfər edib. “Prezidentin özü ilə şəxsən görüşməsəm də, parlamentarilərlə və Müsahid Hüseynlə görüşdüm. 2005-ci il səfərimiz zamanı urdu dilində Cəlil Məmmədquluzadınin kitabını nəşr etdirdik. Eyni zamanda səfirliyin köməyi ilə “100 şairdən bir damla” kitabını çap etdirdik və mən o kitaba müqəddimə yazdım.  Mənim bir akademik məqaləm də orada çap olundu. Pakistanın Mədəniyyət naziri ilə görüşümüz zamanı onun bir fikri xüsusilə yadımda qalıb. Nazir dedi ki, kitabı çox maraqla oxudum. Sanki bu azərbaycanlı yazıçı Pakistanın indiki həyatını yazıb. Bu bizim həyatımızın, taleyimizin nə qədər yaxın olduğunu göstərir”.

Həmçinin bildirib ki, “bizim institutda “Pakistan otağı” yaradılıb və ora bir elmi mərkəzə çevrilib. İnstitutumuzun əməkdaşlarından Bədirxan Əhmədov  və Bəsirə Əzizəliyeva Pakistanda olublar. Bu gün isə biz Muslim İnstitutu ilə Ədəbiyyat İnstitutu arasında müqavilə imzalayırıq. İmzalayandan dərhal sonra onun icrasına başlayacağıq. İnanıram ki, birgə keçirilən konfrans və imzalanan müqavilə qarşılıqlı elmi əlaqələrin inkişafında yeni töhfələr verəcəkdir”.

Akademik həmçinin vurğulayıb ki, Pakistan Azərbaycanın Qarabağdakı mübarizəsini birmənalı şəkildə dəstəkləyir. Azərbaycan da Pakistanı Kəşmir məsələsində dəstəkləyir. “Həm ulu öndərimiz Heydər Əliyev, həm də prezidentimiz İlham Əliyev Pakistanda olmuşlar. Onların İslamabadda əkdiyi ağaclar dostluq və qardaşlığımızın simvoludur. Amma çox təəssüf ki, iki səbəbdən bizim əlaqələrimiz zəifdir. Bunlardan birincisi məsafənin uzaq olmasıdır, ikincisi birbaşa uçuşun olmamasıdır. Biz çox istərdik ki, səfirimiz Əli Əlizadənin təşəbbüsü ilə birbaşa uçuşlar təşkil olunsun”.

Konfransda Muslim İnstitutunun direktoru, professor Sahibzadə Sultan Ahmed Ali çıxış edərək Bakıda olduğu müddətdə Azərbaycan xalqından sevgi və hörmət gördüyünü söyləyib. Bildirib ki, Pakistan Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləyir. Professor çıxışında deyib ki, “yeni xəbər olaraq onu söyləyim ki, birbaşa uçuşların təşkili üçün danışıqlar aparılır. Bu institutda “Pakistan otağı”nın yaradılması ədəbiyyatlarımızı öyrənməyə daha çox töhfə verəcək. Eləcə də, Pakistan kitabxanasında da Azərbaycan guşəsi vardır. Pakistanın mənəvi qurucusu olan Məhəmməd İqbalın əsərlərinin burada təqdiqinin şahidi oldum. Nizami Gəncəvi də pakistanlılar üçün yad deyil. Bu konfrans ölkələr arasındakı əlaqələrin inkişafında daha böyük rol oynayacaq və mötəbər İsa Həbibbəylini yenidən Pakistanda görmək istərdim”.

Daha donra Fəlsəfə İnstitutunun direktor müavini, tarix elmləri doktoru, Azərbaycanın Pakistandakı keçmiş səfiri Eynulla Mədətli “Azərbaycan-Pakistan əlaqələrinə dair” məruzəsində iki dövlət arasındakı münasibətlərdən bəhs edib. Natiq bildirib ki, bizi birinci növbədə islam dini birləşdirir. Buraya Dehli sultanlığı zamanı yayılmış sufi ədəbiyyatını da aid edə bilərik və nəhayət, Pakistanın son 800 ildə türk sülalələri tərəfindən idarə olunması da ortaq mədəniyyətimizdən xəbər verir.

O bu tarixi ənənələrə xronoloji ardıcıllıqla nəzər salıb: “Səlcuqlar bizim bölgədə, Qəznəvilər Orta Asiyada hakim olmuşlar. Sonralar Qurilər sülaləsi, türk əsilli  Dehli sultanlığı Pakistan ərazisində yaranmışdır. Türklərin qurduğu Babur hakimiyyəti isə ingilislərin Hindistanı işğal etməsinə qədər davam etmişdir. Sonra Nadir şah Dehlini ələ keçirib”.

E.Mədətli türk ədəbiyyatının Pakistandakı nüfuzundan danışarkən Nizami Gəncəvini,  Sührəverdini, Şəms Təbrizini, C.Rumini, Saib Təbrizini və Məsihini xüsuilə qeyd etib. Tarixi abidələrdən isə Humayun və Tac-Mahal məqbərələrinin maraqlı tarixcələrindən söz açıb.

Öz fəaliyyəti haqqında məlumat verən alim 2002-2008-ci illərdə Pakistanda səfir olduğunu da diqqətə çatdırıb. “Bir faktı da vurğulayım ki, BMT-nin işğal olunmuş Azərbaycan torpaqlarının geri qaytarılması haqqında məlum qətnamələri Pakistanın BMT Təhlükəsizlik Şurasına sədr olduğu dövrdə qəbul edilib. Hazırda “Pakistan-Azərbaycan dostluq əlaqələri cəmiyyəti” fəaliyyət göstərir. Rusiyadan sonra yalnız İslamabadda Azərbaycan səfirliyi üçün kompleks tikilib”.

Sonra Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, professor Bədirxan Əhmədov “Azərbaycan-Pakistan ədəbi-mədəni əlaqələri” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə əsasən XX əsr ədəbi-mədəni əlaqələri əhatə olunub. Bildirilib ki, 2007-ci ildə Pərviz Müşərrəfin “Atəş xəttində” kitabı Eynulla Mədətlinin tərcüməsində çap edilib. Professor qeyd edib ki, bir il öncə İslamabadda konfransda iştirak edib.

 Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Bəsirə Əzizəliyeva isə “Məhəmməd İqbalın yaradıcılığında müsəlman birliyi ideyası, ilahi eşq və milli düşüncə” mövzusunda məruzə ilə çıxış edib.

Türkiyəli şair Orxan Əsəd də Azərbaycan-Türkiyə-Pakistan qardaşlığının uğurla davam etdiyini bildiririb.

Konfransda qarşlıqlı şəkildə rəmzi hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkilib.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!