Serbiyada İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə silsilə tədbirlər keçirilir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli Sərəncamına əsasən, ölkəmizin Serbiyadakı səfirliyinin təşəbbüsü və Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə iyunun 18-də dahi Azərbaycan şairi İmadəddin Nəsiminin serb dilinə tərcümə edilmiş seçmə şeirlərindən ibarət kitabının təqdimat mərasimi keçirilib, həmçinin “Nəsimi” filmi ilk dəfə serb dilində nümayiş olunub.

Tədbirdə Serbiya parlamentinin Azərbaycan ilə dostluq qrupunun üzvləri, dövlət və hökumət rəsmiləri, deputatlar, elm, incəsənət və din xadimləri, diplomatik korpusun nümayəndələri, Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin, Serbiya-Azərbaycan Ticarət Palatasının və Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərləri və üzvləri, bu ölkədə yaşayan, çalışan və təhsil alan həmvətənlərimiz iştirak ediblər.

İyunun 19-da Serbiya Kral Akademiyasının təşkilatçılığı ilə Belqrad Universitetində Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycandan və bu ölkədən bir çox nüfuzlu alim, ziyalı və ədəbiyyatşünasın iştirakı etdiyi elmi simpozium təşkil olunub. Simpoziumda Serbiya Kral Akademiyasının 2019-cu il 20 fevral tarixli qərarı ilə təsis olunmuş “Nəsimi 650 il” yubiley və “İvo Andriç” medalları təqdim edilib.

Serbiya-Azərbaycan dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsində xüsusi rolu ilə seçilən, Azərbaycan Dillər Universitetində serb dili və mədəniyyəti mərkəzinin, Belqrad Universitetində isə Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılmasının təşəbbüskarı, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru Teymur Kərimli, filologiya elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin dünya ədəbiyyatı kafedrasının müdiri, serbşünas alim Cəlil Nağıyev, serb yazıçısı Milorad Paviçin “Xəzər Lüğəti” və Draqan Damyanoviçin “Müqəddəs Savanın Anası” kitablarını Azərbaycan dilinə tərcümə etmiş Əməkdar jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əlövsət Ağalarov, serb antologiyası və İvo Andriçin şeirlər kitabını Azərbaycan dilinə tərcümə və nəşr etmiş, Azərbaycan Yazıçılar Birliyinin bədii tərcümə və ədəbi əlaqələr mərkəzinin sədri Səlim Babullaoğlu, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, Azərbaycan Yazıçılar Birliyinin üzvü Paşa Kərimov və Balkan regionu ilə Azərbaycan arasında siyasi, iqtisadi və humanitar sahədə əlaqələrin inkişaf etdirilməsinə verdiyi xüsusi töhfələrə görə Milli Məclisin deputatı Cavanşir Feyziyev “İvo Andriç” medalı ilə təltif olunublar.

Eyni zamanda, Belqrad Universitetinin filologiya fakültəsinin dekanı Lilyana Markoviç, Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Zoran Sam, parlamentin Serbiya-Azərbaycan Dostluq Qrupunun sədri Katarina Rakiç, Serbiya Milli Operasının aparıcı solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Yasmina Trumbetaş, “Smederevo Poeziya Payızı” festivalının təşkilat komitəsinin üzvü Vera Xorvat, Serbiya Respublikası Prezidentinin xarici məsələlər üzrə müşaviri Tanya Yoviç və Yuqoslaviyanın Türkiyə, eyni zamanda, Azərbaycandakı keçmiş səfiri olmuş yazıçı Darko Tanaskoviç Azərbaycan tarixinin və mədəniyyətinin Serbiyada təbliğindəki əvəzsiz xidmətlərinə görə “Nəsimi 650 il” yubiley medalı ilə təltif edilib.

Tədbirlərdə çıxış edən səfir Eldar Həsənov ilk dəfə olaraq Serbiyada Azərbaycanın dahi şairi İmadəddin Nəsiminin şeirlərinin serb dilində nəşr edilməsidən, elmi simpoziumun təşkil olunmasından və “Nəsimi” filminin nümayişindən qürur duyduğunu, belə mədəni, ədəbi tədbirlərin Azərbaycan və Serbiya arasında mədəniyyət sahəsində əlaqələrinin daha da möhkəmlənməsinə töhfəsini verəcəyinə əminliyini bildirib. Dünya ədəbiyyatına və mədəniyyətinə dəyərli töhfələr vermiş poeziya sənətimizin Nəsimi, Füzuli, Qətran Təbrizi, Nizami Gəncəvi, Xaqani Şirvani, Məhsəti Gəncəvi, Mikayıl Müşfiq, Hüseyn Cavid, Bəxtiyar Vahabzadə kimi ölməz korifeylərinin yüksək sənətkarlıqla yazılmış əsərlərinin sonrakı dövrlərdə müasir şairlərimizin ilham qaynağı olduğunu, həmçinin serb şairləri Petar Neqoş, Branko Radiçeviç, Yovan Zmay, Aleksa Şantiç, Yovan Duçiç, Milan Pakiçin yaradıcılıqlarının da əhəmiyyətli rol oynadığını bildirib.

Silsilə tədbirlər Serbiya KİV-lərində geniş işıqlandırılıb.

İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər il ərzində davam etdiriləcək.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!