İspaniya jurnalında İmadəddin Nəsimi haqqında məqalə çap olunub

 

İspaniyanın nüfuzlu “Ejecutivos” jurnalının may ayı buraxılışında dahi Azərbaycan şairi İmadəddin Nəsiminin həyat və yaradıcılığı ilə bağlı məqalə dərc olunub.

Madrid şəhərində İspaniyanın nüfuzlu “Ejecutivos” jurnalının sayca 29-cu mükafatlandırma mərasimi keçirilib.

Tədbirdə İspaniyanın dövlət rəsmiləri, müxtəlif nüfuzlu beynəlxalq və yerli şirkətlərin təmsilçiləri, ictimaiyyət, yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Tədbir zamanı adıçəkilən jurnalın may ayı buraxılışı təqdim edilib. Nəfis tərtibata malik jurnalda böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin həyat və yaradıcılığı ilə bağlı məqalə dərc olunub.

Məqalədə dahi şairin irsinin müasir humanitar düşüncənin tələbləri kontekstində aktuallığı, milli mədəni-mənəvi dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyəti nəzərə alınaraq Azərbaycanda 2019-cu ilin “Nəsimi ili” elan olunduğu diqqətə çatdırılıb. Ədibin ümumilikdə Şərq dünyasının mədəniyyət tarixində özünəməxsus yerə malik olduğu qeyd olunub, dahi şairin humanist ideyaları və mənəvi dəyərləri barədə geniş məlumat verilib.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!