Xalq şairi Vaqif Səmədoğlunun 80 illiyinə həsr olunmuş poeziya gecəsi təşkil edilib - FOTOLAR

 

Edebiyyatqazeti.az xəbər verir ki, ötən gün M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubileyinə həsr olunmuş poeziya gecəsi təşkil olunub.

Tədbirdə Azərbaycan poeziyasında öz yolu, dəstxəti ilə seçilən qələm sahiblərindən olan Vaqif Səmədoğlunun şeirləri səsləndirilib, sözlərinə yazılmış musiqilər ifa edilib.

Bildirilib ki, Vaqif Səmədoğlu 1956-cı ildə musiqi məktəbinin buraxılış imtahanında ilk dəfə səhnəyə çıxıb. O zaman onun 17 yaşı vardı. Maestro Niyazinin dirijorluğu ilə Rahmaninovun fortepiano və orkestr üçün 1-ci konsertini gənc Vaqif məhz bu səhnədən ifa edib. 63 il sonra Vaqif Səmədoğlunun bir daha bu məkana qayıdışıdır bu anlar.

Gecə boyu ekranda Vaqifin uşaqlıq və gənclik illərini əks etdirən videomateriallar təqdim olunub. Vaqif Səmədoğlunun xatirələr dəftərindən, onun dünya, Allah, sevgi ilə bağlı fikirlərindən geniş söhbət açılıb.

Azərbaycan televiziya və radiosunun Gülarə Əliyeva adına “Dan ulduzu” instrumental ansamblı musiqi çələngi ilə gecəyə xüsusi təravət bəxş edib.

Poeziya axşamında qeyd edilib ki, ötən əsrin 60-cı illərində ölkəmizdə ədəbi mühitə yeni ab-hava gətirən istedadlı sənətkarlardan biri olaraq Vaqif Səmədoğlu yarım əsrdən artıq dövr ərzində xalqımızın söz xəzinəsinə dəyərli töhfələr verib. Onun yaradıcılığı müasir Azərbaycan ədəbiyyatında yeni poeziyanın xüsusi mərhələsini təşkil edir. 

Onun “Yeddi şeir” adlı ilk yaradıcılıq məhsulu 1963-cü ildə “Azərbaycan” jurnalında dərc olunub. Bundan sonra Vaqif Səmədoğlunun dövri mətbuatda əsərləri vaxtaşırı dərc edilib. Şairin əsərləri bir çox xarici dillərə tərcümə edilib, kitabları MDB ölkələrində, Türkiyə və İranda nəşr olunub. 1970-ci ildə Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. 1989-cu ildə Əməkdar incəsənət xadimi fəxri adı ilə təltif olunub. 1998-ci ildə “Humay” mükafatının laureatı olub. 1999-cu ildə Xalq şairi fəxri adı ilə təltif olunub. 2000 və 2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinə 2-ci və 3-cü çağırışlarda deputat seçilib. 2015-ci il yanvarın 28-də Bakı şəhərində vəfat edib.

Qeyd edək ki, Vaqif Səmədoğluya həsr olunmuş tədbir "Şairlər günü" layihəsi çərçivəsində gerçəkləşdirilib. Bundan öncə də mayın 30-u Fikrət Sadıq və Rauf Parfinin əziz xatirəsinə, mayın 31-də Gəncə şəhərində Nigar Rəfibəyli və Nigar Binti Osmanın əziz xatirəsinə, 1 iyun tarixində Şəmkirdə Əhməd Cavad və Abdullah Tukayın əziz xatirəsinə, 2 iyun tarixində Tovuzda Mikayıl Azaflı və Mahambet Ötümisovun əziz xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilib.

8 İyun M.Müşfiqin əziz xatirəsinə həsr olunacaq tədbir Siyəzən şəhərində, 9 iyun tarixində Sumqayıt şəhərində keçiriləcək “Şairlər Günü” isə Əli Kərim və Abdurrahim Karakoçun əziz xatirəsinə həsr olunacaq. 

"Şairlər günü" silsilə tədbirlərinin informasiya dəstəkçisi Edebiyyatqazeti.az saytıdır.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!